Beynəlxalq Valyuta Fondundan dövlətlərə ÇAĞIRIŞ

 20:47 12.10.2022     169

Hökumətlər artan enerji və ərzaq qiymətləri şəraitində ev təsərrüfatlarını dəstəkləmək istəklərinə baxmayaraq, büdcə kəsirlərini azaltmağa davam etməlidirlər.

Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun “Fiscal Monitor” adlı hesabatında deyilir.

BVF-nin proqnozuna görə, ümumi qlobal dövlət borcu 2022-ci ildə ÜDM-in 91%-ni təşkil edəcək ki, bu da COVID-dən əvvəlki səviyyədən 7,5 faiz bənd çoxdur.

“Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin borc yükü fövqəladə stimulların aradan qaldırılmasından sonra büdcə kəsirlərinin azalması fonunda, həmçinin iqtisadi artımın bərpası sayəsində 2020-ci ilin pik səviyyəsindən aşağı düşüb, lakin inflyasiyanın qarşısını almağa çalışan çalışan dünya ölkələrinin mərkəzi banklarının faiz artımlarından sonra borc xidmətinin dəyəri də artacaq”, - hesabatda deyilir.

Eyni zamanda, BVF vurğulayır ki, ərzaq və enerji qiymətlərinin kəskin artması dövlət büdcələrinə təzyiqi artırıb.

“Hökumətlər ev təsərrüfatlarına kömək etmək üçün qiymət subsidiyaları, vergilərin azaldılması və nağd pul köçürmələri də daxil olmaqla yeni tədbirlər görür. Əksər dövlətlərdə elan edilən tədbirlər ÜDM-in 0,5%-dən çoxuna başa gələcək. Ən böyük xərcləri isə aşağı gəlirli inkişaf etməkdə olan ölkələr çəkir”, - fondun hesabatda bildirilir.

BVF hesab edir ki, hökumətlər büdcə kəsirlərini azaltmağa davam etməklə, əhalinin yalnız ən həssas təbəqələrinə kömək etmək üçün məqsədyönlü tədbirlər görərək büdcə xərclərini məhdudlaşdırmalıdır, əks halda, onlar mərkəzi bankların qarşısını almağa çalışdıqları inflyasiyanı gücləndirmək riski daşıyırlar.

“Büdcə xərcləri proqramlarının prioritetləşdirilməsi çox vacibdir. Fiskal siyasət inflyasiya ilə mübarizədə pul siyasəti üzərində həddindən artıq yük yaratmamaqla yanaşı, əhalinin ən həssas qruplarını qorumalıdır”, - hesabatda qeyd olunur.

Qeyd edək ki, BVF-nin dünən açıqladığı proqnoza görə, qlobal ÜDM 2022-ci ildə 3,2%, 2023-cü ildə isə 2,7% artacaq.