"İslam bankı aşağı faizlərlə kreditlər verə bilər" - Vahid Əhmədovdan AÇIQLAMA

 13:12 18.10.2022     363

Azərbaycanda İslam banklarının yaradılması təklif edilir. Bu barədə Milli Məclisin iclasında fikirlər səsləndirilib.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, bu gün bir çox müsəlman ölkələrində islam qaydaları ilə işləyən maliyyə qurumları, o cümlədən banklar olsa da, Azərbaycanda bu sahə inkişaf etməyib.

"Dindar şəxslərimiz faiz məsələsinə görə vəsaitlərini aparıb, islam bankçılığının olduğu ölkələrə yatırır. Nəticədə Azərbaycandan kapital axır",-deyə o bildirib.

Sözügedən təkliflə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov vurğuladı ki, siyasi problemlərə baxmayaraq, bu sistemin qurulması olduqca müsbət haldır.

“Son zamanlar apardığı siyasətdə İran hərtərəfli Ermənistanın yanında oldu, onlara həm iqtisadi cəhətdən, həm silah cəhətdən yardım etdi. Hətta son vaxtlar belə bir informasiya da yayıldı ki, 12-13 sentyabr hadisələrində də İranın barmağı var. İran dövlət olaraq faktiki ərazilərində yaşayan 30 milyondan çox azərbaycanlı üçün heç bir şərait yaratmayıb, onların hüquqları müdafiə olunmayıb, onlara qarşı təzyiqlər böyükdür. Ərdəbildə baş verən hadisələrdə iştirak edənlər əsasən azərbaycanlılardır, onlara qarşı da atəş açıldı. Yəni İranın yürütdüyü siyasət başa düşülən deyil. İran nüvə silahı hazırlamaq istəyir, amma Amerika və Avropa dövlətləri yaxın qoymur, ona görə də xarici siyasətində ölkələrlə problem yaradır. Buna baxmayaraq, İlham Əliyevin İranla yaratdığı əlaqələri həmişə yüksək səviyyədə olub. Amma onların bizə qarşı münasibəti adekvat deyil. Amma bank yaradıla da bilər. Burada heç bir problem yoxdur, çünki vaxtında İran bankları Azərbaycanda fəaliyyət göstərib, müəyyən müddətdən sonra o banklar bağlanıb. İranla iş birliyinin, ticarət əlaqələrinin olması, əlbəttə, müsbət haldır. Ticarətin siyasətə qarışacağı yoxdur, bu bank sisteminin yaradılması müsbət haldır”,-deyə millət vəkili qeyd etdi.

Vahid Əhmədovun fikrincə, İslam banklarının yaradılmasının bir çox üstünlükləri mövcuddur:

“İran kifayət qədər maliyyə ehtiyatı olan dövlətdir. Bu bank aşağı faizlərlə kreditlər verə bilər. Müəyyən investisiyaları Azərbaycana yatıra bilər. Yəni bu bankın ümumilikdə yaradılması Azərbaycan iqtisadiyyatının inkişafında, sahibkarlar üçün müəyyən problemlərin həllində müsbət rol oynaya bilər. Amma siyasi tərəfdən dediyim o məsələlər həll edilməlidir”.

Nərmin VÜQARQIZI