Dollar bahalaşacaq? - Deputatdan AÇIQLAMA

 16:12 28.10.2022     328

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,75 %-dən 8 %-ə qaldırılması barədə qərar qəbul edib.

Maraqlıdır, uçot dərəcəsinin artırılması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Dollar bahalaşa bilərmi?

Suallarımızı cavablandırması üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyevlə əlaqə saxladıq. O, Redaktor.az-a bildirdi ki, inflyasiyanın qarşısını almaq üçün dövlət kifayət qədər addımlar atır:

“Mərkəzi Bankın uçot dərəcəsini artırması bilavasitə inflyasiya ilə bağlıdır. Bu, inflyasiyanın qarşını almaq, ən azından cilovlamaq üçün dövlətin əlində olan bir alətdir. Bu alətdən bütün bazar iqtisadiyyatı olan ölkələrdə, o cümlədən Amerika, Böyük Britaniya, Avropada istifadə edirlər. Bu, klassik iqtisadi nəzəriyyədir və praktikada bazar iqtisadiyyatını tətbiq edən ölkələr üçün klassik bir addımdır”.

Deputat qeyd etdi ki, dünyada dolların bahalaşmasına ancaq Amerika Federal Rezerv sisteminin uçot dərəcəsini qaldırması təsir edir.

“Dollar bahalaşır, iqtisadi aktivlik aşağı düşür, işsizliyə təsir edir. Bu, Amerikaya xas olan xüsusiyyətlərdir. Amma məzənnəyə - Azərbaycan manatına heç bir təsiri yoxdur. Sadəcə Azərbaycan manatının dollarla məzənnəsi daha çox Azərbaycan makro-iqtisadi göstəricilərinə, qızıl ehtiyat maliyyə yastığına, balansa bağlıdır. Bunlar bizdə müsbətdir, buna görə də birmənalı olaraq, Mərkəzi Bankın addımı manatla dolların məzənnəsinə bağlanmalı deyil. Neft-qaz qiymətləri də kifayət qədər yüksəkdir. Bunun da təsiri olur, amma uçot dərəcəsinin qalxmasının birmənalı təsiri yoxdur”, - deyə Rüfət Quliyev bildirdi. 

Nərmin VÜQARQIZI