“İstehlak və biznes kreditlərinin faizi artacaq” – Ekspert

 18:24 29.10.2022     567

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,75 %-dən 8 %-ə qaldırılması barədə qərar qəbul edib.

Bəs Mərkəzi Bankın uçot dərəcəsini artırması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadi ekspert Natiq Cəfərli bildirdi ki, dünya ölkələrinin mərkəzi banklarında olduğu kimi Azərbaycanda da Mərkəzi Bankın uçot dərəcəsinin ölkədəki iqtisadi proseslərə birbaşa təsiri yoxdur.

“Çünki bizim Mərkəzi Bank hələ institusional olaraq digər ölkələrə görə daha zəifdir. Bu əslində Mərkəzi Bankın da günahı deyil. Azərbaycanda qiymətli kağızlar bazarı olmadığına və bazar iqtisadiyyatı institutları tam inkişaf etmədiyinə görə Mərkəzi Bankın qərarları birbaşa bazara təsir göstərmir. Amma dolayı təsirləri olur. İndi 0,25 bənd uçot dərəcəsinin artırılmasını Mərkəzi Bank inflyasiyaya qarşı mübarizə ilə izah edir. Amma düşünürəm ki, burada da bir problem var. Odur ki, Azərbaycanda inflyasiya qiymət artımına təsir göstərən əsas amillər heç də uçot dərəcəsi deyil. Buna görə də, inflyasiya ilə mübarizədə bunun böyük bir təsiri olacağını düşünmürəm”,-deyə ekspert vurğuladı.

Onun sözlərinə görə, uçot dərəcəsinin artırılması istehlak və biznes kreditlərini bahalaşdıracaq:

“Bir müddətdən sonra - yaxın həftələrdə görə bilərik ki, uçot dərəcəsinin artması kommersiya banklarında faiz dərəcələrinin, yəni kredit faizlərinin artmasına səbəb ola bilər. Yəni istehlak və biznes kreditləri daha da bahalaşa bilər. Ən azından 0.5-1% arası bahalaşa bilər”.

Ekspert əlavə etdi ki, Mərkəzi Bankın uçot dərəcəsinin manatın məzənnəsi ilə heç bir əlaqəsi yoxdur.

“Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Yəni bu birja formasında tənzimlənmir. İnzibati qaydada tənzimlənən və sabit məzənnə rejimində çalışan Mərkəzi Banka indiki halda məzənnəni uzun müddət sabit saxlamağa imkan verən şərait də var. Çünki manat faktiki olaraq kağız neftdir və neftin qiyməti nə qədər yüksəkdirsə, manatın məzənnəsinə hər hansı bir təhlükə yoxdur”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən