Qiymətlər 21 faizdən çox artıb - Nazir

 12:27 03.11.2022     171

“Dünyada mövcud olan neft və qaz qiymətləri ilin sonuna qədər eyni tempdə davam edərsə, bu ilin sonunda Azərbaycanın ümumi daxili məhsulunun həcminin 130 milyard manata çatması gözlənilir. Bu da Azərbaycan tarixində ən yüksək göstəricidir”.

Redaktor.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirələri zamanı deyib.

“Ölkədə inflyasiyanın səviyyəsinə dünya bazarında ərzaq məhsullarının qiymətində baş verən artım təsir edib. Ötən illə müqayisədə cari ilin yanvar-avqust aylarında idxal qiymətləri 21 faizdən çox artıb", - deyə nazir bildirib.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilir. İclasın gündəliyinə “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxil edilib.