Azərbaycan avtomobil idxalını 17 % azaldıb

 17:41 16.11.2022     149

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 829,3 milyon ABŞ dolları dəyərində 60 790 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Redaktor.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,4 % çox və 16,6 % azdır.

İlk 10 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 87,6 % dəfə artaraq 349 ədəd (47,7 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 17,5 % azalaraq 56 092 ədəd (664,1 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 9 770-u (119,8 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 368-i (12,8 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 2,6 %, ikincinin isə 3,5 dəfə artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 10,65 % azalaraq 4 084 ədəd (82,4 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,2 dəfə artaraq 265 ədəd (35 milyon ABŞ dolları dəyərində) olub.