"Neftin qiymətinin düşməsi ciddi problem deyil" - Ekspert
Dünya bazarında Azərbaycan istehsalı olan "Azeri Light" markalı neftinin qiyməti 2,85 ABŞ dolları, yaxud 3,28 % azalaraq 84,03 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollar götürülüb.
Maraqlıdır, belə olanda neftin ucuzlaşmasının Azərbaycanın dövlət büdcəsinə mənfi təsiri ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan büdcəsində neftin qiymətinin 85 dollar götürülməsi ciddi bir problem deyil.
"Çünki il bitir və cəmi bir ay qalıb. Gələn il isə Azərbaycan neftinin qiyməti təxminən 100 dollar olacaq. Hətta bir az yuxarı olması gözlənilir. İllik qiymət ortalaması büdcədə götürülərkən hesablanır. Gələn ilin büdcəsində yenə konservativ yanaşma var və neftin bir bareli üçün 50 dollar təklif olunub. Çox güman, elə də qəbul olunacaq. Amma əgər neft qiymətləri yenidən 90-100 dollar arasında olsa, may-iyun aylarında büdcəyə yenidən baxaraq neftin qiymətində dəyişiklik edəcəklər. Yəni bu Azərbaycan hökümətinin büdcəyə münasibətində xroniki hal alıb. Hər il belə olur. Neftin qiyməti aşağı götürülür və sonra il ərzində dəyişdirilir".
Həmidə İbrahimova












