Zədələnmiş pulları necə dəyişdirə bilərik?

 17:50 07.12.2022     563

Uzun müddət istifadə olunub zədələnmiş və köhnəlmiş əskinaslar çox zaman problemə səbəb olur. Avtobuslarda, marketlərdə, kafe-restoranlarda bu cür pullar qəbul edilmir.

Bəs belə olan halda vətəndaş nə etməli və hara müraciət etməlidir?

Mövzu ilə Redaktor.az-a danışan Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirdi ki, belə olan halda vətəndaş Mərkəzi Banka müaricət etməlidir.

“Vətəndaş Mərkəzi Bankın Bülbül prospekti 27 ünvanında yerləşən ofisinə müəyyən bir saat aralığında şəxsiyyət vəsiqəsi, həmin zədələnmiş əskinası ilə yaxınlaşır və orada əskinası təqdim edir. Milli pul nişanlarının konsepsiyasında baxırlar və ekspertizadan keçirdirlər. Onun faiz nisbəti var və əgər hansısa faiz nisbətində zədələnibsə, özünü doğruldursa, onda dəyişilir. Mərkəzi Bankın “bizimpullar.az” saytı var. Həmçinin girib orada faiz nisbətini də görə bilərsiniz. Orada animasiya ilə göstərilir ki, neçə faizi zədələnibsə dəyişmək olar, neçə faiz zədələnibsə dəyişmək olmaz".

Mətbuat katibi əlavə etdi ki, əgər bölgələrdə belə hallara rast gəlinərsə, onda vətəndaşlar Mərkəzi Bankın regional ərazi idarələrinə müraciət edə bilərlər.

Həmidə İbrahimova