"Bizi sanksiyalarla hədələyirdilər, amma gördülər ki..." - Vahid Əhmədovdan Aİ-nin qərarına REAKSİYA

 18:23 08.12.2022     582

Avropa İttifaqı (Aİ) iqtisadi investisiya planı çərçivəsində Azərbaycana iki milyard avro ayırıb.

Bu barədə Avropa İttifaqının Bakı ofisi məlumat yayıb. Bildirilib ki, investisiyalar Azərbaycan iqtisadiyyatının diversifikasiyasına, yeni iş yerlərinin açılmasına və kəndlərin inklüziv inkişafına kömək edəcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, bu, təqdirəlayiq addımdır.

“Nəhayət ki, biz Avropa İttifaqından Azərbaycana qarşı müsbət addımları seyr etməyə başlayırıq. Çünki son vaxtlar bizi sanksiyalarla hədələyirdilər. Amma gördülər ki, Azərbaycan necə inkişaf edir, Avropanın ağır vəziyyətində qazla təminatında ölkəmizin xüsusi rolu var. Buna görə də, belə addımlar atırlar. Mən, əlbəttə, belə addımları alqışlayıram. Vəsaitin hara xərclənməsi ilə bağlı isə maliyyə nazirinin, iqtisadiyyat nazirinin özlərinin planları var. Dövlət başçısı ilə razılaşdırmaqla istifadə edəcəklər. Sadəcə mən istərdim ki, həmin vəsait daha çox Qarabağ bölgəsində istifadə edilsin. Qarabağ iqtisadiyyata töhfə verən bir bölgə olacaq. Buna görə də, bu vəsaiti burada xərcləmək məqsədəuyğun olar. Digər məsələlərdə də hökumət baxıb bunun qərarını verəcək”, - deyə deputat vurğuladı.

Nərmin VÜQARQIZI