Azərbaycanda kredit faizlərində artım olacaq - Ekspert Mərkəzi Bankın qərarını şərh etdi

 14:13 16.12.2022     465

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi artırılıb.

Faiz dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılıb, faiz dəhlizinin yuxarı həddi 9.25% səviyyəsində dəyişməz saxlanılıb.

Maraqlıdır, Mərkəzi Bankın uçot dərəcəsini artırmasının səbəbi nədir? Bu artım bahalaşmaya səbəb olacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Mərkəzi Bankın uçot dərəcəsinin artırılması əslində gözlənilən addım idi.

“Çünki başqa ölkələrdə, əsasən də Amerika Birləşmiş Ştatlarının Federal Rezerv Sistemi (FED) faizləri artırıb. Britaniyadan və Avropa Birliyindən də eyni qərarlar gəldi. Mərkəzi Bankın da belə bir addım atacağı gözlənilən idi. Əslində bu addım inflyasiya ilə mübarizə üçün atılır, uçot dərəcəsi ona görə qaldırılır. Amma təəssüf ki, Azərbaycanda inflyasiya göstəriciləri bir tək Mərkəzi Bankdan asılı deyil. Ümumiyyətlə, Mərkəzi Bankın atdığı addımlar inflyasiya göstəricilərinə çox az təsir göstərir. Ona görə də, düşünürəm ki, inflyasiya ilə mübarizədə qiymətlərin sabitləşməsi üçün digər addımların atılmasına da ehtiyac var. Sadəcə, uçot dərəcəsinin artırılması bank sektoruna təsir göstərəcək. Çox güman ki, kredit faizlərində onsuz da ucuz olmayan, aşağı olmayan kredit faizlərində kiçik də olsa bir artım görə bilərik. Yəni banklardakı kredit faizlərinin artması mümkündür”, - deyə ekspert vurğuladı.

Nərmin VÜQARQIZI