Neft ölkəsi olan Azərbaycanda minimum əmək haqqı niyə azdır?
Azərbaycanda minimum aylıq əməkhaqqı yanvarın 1-dən etibarən 45 manat artırılaraq 345 manat müəyyən edilib. Bu barədə Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncamda deyilir.
Lakin digər qonşu ölkələri və neft ölkələri ilə müqayisə etdikdə bu artım yenə də azdır. Azərbaycana qonşu olan dövlətlərdə və bir sıra neft ölkələrində yeni ildən minimum əmək haqqının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Məsələn, Türkiyədə bu ildən minimum əmək haqqı 8500 lirə, bizim pulla 772,05 manat oldu.
Qonşu neft ölkələrindən Türkmənistanda hazırda minimum əmək haqqı 563 manatdır. Digər qonşu neft ölkələrindən bu rəqəm Qazaxıstanda hazırda 256 manat, Rusiyada 381 manatdır.
Ümumilikdə götürdükdə, müsəlman neft ölkələrindən Qətərdə minimum maaş 510 manat, Səudiyyə Ərəbistanında 1360 manat, Birləşmiş Ərəb Əmirliklərində isə 817 manatdır.
Bəs, neft ölkəsi olan Azərbaycanda nə üçün minimum əməkhaqqı bəzi qonşu dövlətlərləə, xüsusən neft ixrac edən ölkələrlə müqayisədə azdır?
Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ümumiyyətlə, bizdə minimum əmək haqqının hesablama qaydalarında problem var.
.png)
Onun sözlərinə görə, Azərbaycanda minimum əmək haqqı aşağı indikatorlarla hesablanır və minimum əmək haqqının artım tempi başqa sahələrə təsir göstərir:
“O cümlədən VÖEN-lə çalışanların vergisinə də təsir göstərir. Yəni əhalinin bir qismi minimum əməkhaqqı artanda sevinirsə, 800 minə yaxın VÖEN-lə çalışanlar isə əksinə, sevinmir. Çünki onların Sosial Müdafiə Fonduna ödənişləri artır. Ətraf ölkələrə, neft ölkələrinə baxanda minimum əmək haqqı başqa parametrlərlə hesablanır. Məsələn, Rusiyada belə başqa parametrlərlə hesablanır və orada daha yüksək göstəricilər əldə olunur. Bizdəki parametrləri dəyişmək üçün gərək minimum istehlak səbəti də dəyişsin və bura əhalinin kommunal xərcləri də bu məbləğə əlavə edilməlidir. Məsələn, internet xidmətləri, hətta dincəlmək üçün və yaxud ayda bir dəfə teatra getmək, kitab almaq kimi məsələlər də indikatorlarda öz yerini tutmalıdır ki, bir çox ölkələrdə olduğu kimi bizdə də minimum məvacibin hesablama qaydaları dəyişən zaman biz daha yüksək rəqəmlər görəcəyik. Bəzi ölkələr var ki, məsələn, ərəb ölkələrində ümumiyyətlə, minimum əmək haqqı tamam fərqli konsepsiya ilə hesablanır. Onlarda monarxiya olduğu üçün dövlət başçısı, yəni hər il əlavə vəsait dividend ödəyir. Norveç neft ölkəsidir, onlarda tamam başqa cür hesablanır, çünki onlarda qiymətlər də fərqlidir. Maaşların ümumi həcmi yüksəkdir, Neft Fonduna daxilolmalar daha yüksəkdir. Yəni hər bir ölkənin, təbii ki, özünün spesifik xüsusiyyətləri var. Ona görə də, Azərbaycanda normal hesablamalar aparılsa, minimum əməkhaqqı 500 manat civarında olmalıdır. Amma buhəm də minimum əmək haqqına görə Sosial Müdafiə Fonduna vergi verən, VÖEN-lə çalışan 800 minə də təsir etməməlidir və onların da vergi yükü artmamalıdır. Məsələn, indiki rəqəmlərlə onların vergi yükü 75 manatdan 86 manata qalxır. Və onların hər ay vergi yükü 11 manat artacaq. Bu da onlar üçün o qədər də yaxşı bir şey deyil. Ona görə qanunvericilikdə bu əlaqə məncə, aradan qaldırılsa, daha yaxşı olar”.
Həmidə İbrahimova












