"Bu il sosial istiqamətdə paketin dərinləşməsi müşahidə olunacaq" - Deputat

 18:28 13.01.2023     578

Məlum olduğu kimi, 10 yanvar 2023-cü ildə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verərkən inflyasiya ilə mübarizə məsələsinə xüsusi diqqət ayırıb.

Ölkə başçısının sözlərinə görə, minimum əməkhaqqının 15 faiz artması inflyasiya fəsadlarının yumşaldılmasına hesablanıb.

“Minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq.

Eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Yəni, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq”, - deyə İ. Əliyev vurğulayıb.

Maraqlıdır, görülən tədbirlər inflyasiyanın qarşısını ala biləcəkmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirdi ki, son illər sosial paketin dərinləşməsi və bütövlükdə sosial istiqamətə ayrılan vəsaitin həcmində artımlar müşahidə edilir.

Onun sözlərinə görə, minimum əmək haqqı və pensiyalarda müşahidə olunan artımlar nəticə etibarilə daha çox vəsaitin sosial istiqamətə yönəldilməsinin reallaşdırdı:

"2023-cü ildə sosial istiqamətə ayrılan vəsaitin həcmi 15,2 milyard manatdır. Bu o deməkdir ki, bir çox xərclərin 46 %-i bu istiqamətə yönəldiləcək. Artıq həm minimum pensiya və əmək haqqının artırılması, eyni zamanda bir sıra təqaüd və sosial müavinətlərin artırılması ilə bağlı qərar qəbul edildi. Bəzi dövlət qurumlarında çalışanların əmək haqlarında artımlar var. Bu da nəticə etibarilə bu istiqamətə daha çox vəsaitin ayrılması mənasına gəlir. Ona görə də sosial paket 2023-cü ildə genişlənir. Sözsüz, məqsəd inflyasiyanın təsirlərini minimumlaşdırmaqdan ibarətdir və bu istiqamətdəki işlərdə davam etdiriləcək. Bu il sosial istiqamətdə paketin dərinləşməsi müşahidə olunacaq və nəzərə alaq ki, 2023-cü ildə inflyasiya səviyyəsi 2022-ci illə müqayisədə daha az olacağı proqnozlaşdırır. Əgər 2022-ci ildə təxminən 14 % artım qeydə alınmışdırsa, 2023-cü ildə bu rəqəm 6,9% olacağı proqnozlaşdırılır. Bu baxımdan da, sosial paket, əmək haqqı və pensiyaların artımı həm də nəticə etibarilə inflyasiya təsirlərinin minimumlaşdırılması baxımından vacibdir”.

Nərmin VÜQARQIZI