“Biznesdə qadınların gücü” layihəsinin iştirakçıları məlum oldu - FOTO

 12:36 31.01.2023     386

2022-ci ildə start verilmiş “Biznesdə qadınların gücü” layihəsində iştirak edəcək qadın sahibkarların seçimi başa çatıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və "Marsol" MMC-nin tərəfdaşlığı ilə həyata keçirilən layihədə iştirak etmək üçün 134 müraciət daxil olub. Layihənin Münsiflər Heyəti tərəfindən Bakı şəhəri və ölkə regionlarında fəaliyyət göstərən 23 qadın sahibkar seçilib. Onlar kənd təsərrüfatı, emal, qida, yüngül, yaradıcı və digər sahələrdə fəaliyyət göstərirlər.

Yanvarın 30-da “Bakı KOB evi”ndə “Biznesdə qadınların gücü” layihəsinin təqdimatı keçirilib. Layihənin təşkilatçıları və tərəfdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva layihənin əhəmiyyəti və layihə çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.

Qeyd edilib ki, “Biznesdə qadınların gücü” layihəsinin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır. Layihə çərçivəsində qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər, istehsalat təcrübəsi, “netvörkinq” tədbirləri təşkil ediləcək. Layihənin sonunda iştirakçıların təqdim etdiyi ən yaxşı 3 layihənin maliyyələşdirilməsinə dəstək göstəriləcək (1-ci yer 5000 manat, 2-ci yer 3000 manat və 3-cü yer 2000 manat).

Tədbirdən sonra “Biznesdə qadınların gücü” layihəsinin iştirakçıları üçün ilk təlimlərə başlanılıb. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri tərəfindən qadın sahibkarlara kommunikasiya, liderlik, mübahisələrin idarə olunması və s. mövzularda məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva tərəfindən mentorluq təlimi keçirilib.

Layihə iştirakçıları sahibkarlara dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda təqdim olunduğu “Bakı KOB evi”nin fəaliyyəti ilə də tanış olublar.

2