"Bu qərar kredit faizlərinin yüksəlməsinə gətirib çıxara bilər" - Deputat
Xəbər verdiyimiz kimi, banklarda olan əmanətlər 2023-cü ilin fevralın 1-dən yenidən vergiyə cəlb ediləcək. Çünki 2016-cı il fevralın 1-dən tətbiq edilən əmanətlərin vergidən azad edilməsi müddəti başa çatıb.
Bəs, bu, banklarda əmanəti olanlara, eləcə də bankların özünə necə təsir edəcək?
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, əmanətlərin gəlir vergisinə tutulması çox şeyə təsir edə bilər.
"2016-cı ildə Milli Məclisdə qərar qəbul edərək, yeddi il müddətinə əmanətləri gəlir vergisindən azad etmişdik. Fevral ayının 1-də yeddi il başa çatdı. Sonra da bizə heç bir məktub gəlmədi ki, onu uzadaq. Bununla əlaqədar Milli Məclisdə də məsələ qaldırdıq və baş nazirə müraciət etdim ki, bu məsələyə baxsın. Əmanətlərin gəlir vergisinə tutulması çox şeyə təsir edir. Birinci bankların vəziyyətinə, oradakı depozitlərə təsir edəcək. İkincisi kredit faizlərinin yüksəlməsinə və digər məsələlərə gətirib çıxara bilər. Ona görə də indi artıq qərarı banklar və hökumət verməlidir. Yəni istəsələr vaxtı uzatmaq olar. Biz də Milli Məclis olaraq uzada biilərik, problem yoxdur. Əsas indi onlardan cavab gəlməlidir. Milli Məclisin dünənki plenar iclasında müraciət etmişik ki, bu məsələyə bir daha baxılsın. İndi görək baxacaqlarmı",- deyə deputat qeyd etdi.
Həmidə İbrahimova