“Neftin qiyməti ilə bağlı tam nikbinik” - Deputat

 11:33 16.03.2023     318

Xəbər verdiyimiz kimi, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,99 ABŞ dolları, yaxud 8,59 % azalaraq 74,42 ABŞ dolları təşkil edib.  

Bəs, neftimizin ucuzlaşması dövlət büdcəsinə hansı təsirlərini göstərə bilər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, hazırkı ucuzlaşmanın ölkə iqtisadiyyatına elə bir təsiri olmayacaq.

“Çünki, bilirsiz ki, bu il neftin qiyməti dövlət büdcəsində 50 dollar götürülüb. Ona görə də 50 dollardan aşağı olsa belə, belə deyək ki, bütün risklər nəzərə alınıbdır.

Neftin qiyməti 85 dollardan yuxarı olur, aşağı olmur. Yəni deyə bilərik ki, 50 dollara qədər ölkə iqtisadiyyatına heç bir təsiri yoxdur. Dünya bazarında qiymət müəyyən bir dövr üçün gah artır, gah azalır. Və bu da önəmli artma-azalma deyil. Belə ki, biri var kəskin şəkildə azala, biri də var 3-5 dollar aşağı düşür. O da ki, müəyyən səbəblərlə bağlı olur. Biz neftin qiyməti ilə bağlı tam nikbinik. Büdcəmizdə qiymət 50 dollar götürüldüyü üçün deməli, iqtisadiyyatımız üçün təhdid yoxdur”, - deyə deputat bildirdi.

Arzu İSMAYIL