"Köhnə avtomobillərin qiyməti artacaq" - Ekspert

 17:12 30.03.2023     1071

Xəbər verdiyimiz kimi, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minəcək. 

Eyni zamanda 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.

Bəs, yeni qərarın əhəmiyyəti nədən ibarətdir? Bu qərar avtomobil bazarında qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, sözügedən qərarın səbəbi ekoloji məsələlərlə əlaqəlidir:

"Yəni daha çox ekologiyaya ziyan vuran, havanı daha çox çirkləndirən avtomobillərin ölkəyə daha az gətirilməsi qadağan olunsun. Son 10 ildə istehsal olunan avtomobillər daha müasirdir və onlar ekologiyaya daha az ziyan vurur. Yəni ilk baxışdan kifayət qədər, pozitiv səbəblərdən alınan qərardır. Amma təbii ki, bu, daxili bazarda köhnə avtomobillərin qiymətinə də təsir göstərəcək. Çünki indiyə qədər gətirilmiş avtomobillərə bu aid deyil. Bundan sonra gətirilməsi mümkün olmayacaq. Deməli, ölkə ərazisində olan köhnə avtomobillərin qiyməti artacaq. Çünki insanların alıcılıq qabiliyyətini də nəzərə almaq lazımdır. İnsanlar bahalı avtomobillər ala bilmirlər deyə ehtiyacı olanlar daha ucuz avtomobillərə yönəlir. Ona görə də əgər son 10 ildə istehsal olunmuş avtomobillər daha baha başa gəlir deyə daxili bazarda köhnə avtomobillərə, məsələn, 2009, 2010, 2011-ci il avtomobillərinə tələbat artacaq və qiymətdə də çox güman ki, yüksəliş olacaq".

Ekspert onu da qeyd etdi ki, burada neqativ məqam ondan ibarətdir ki, təkcə qadağalarla bu məsələnin həlli doğru deyil.

"Tək qadağalarla bu həll olunmur. Pozitiv dəyişikliklərə, yəni stimullaşdırıcı addımlara da ehtiyac var. Bunlardan biri o ola bilər ki, gömrük rüsumları, vergi dərəcələri ilə bağlı müəyyən stimullaşdırıcı addımlar da atılmalıdır. Məsələn, hökumət elan edə bilər ki, son beş ildə istehsal olunan avtomobillərin ölkəyə gətirilməsində gömrük rüsumlarına və vergilərinə güzəşt olunacaq. Son üç ildə istehsal olunanlara 50 faiz güzəşt olunacaq. Yeni avtomobillərə, yəni 2023-cü il avtomobillərini kim alıb gətirsə, 75 faiz güzəşt olunacaq. Yəni belə güzəşt sistemi olmalıdır ki, ölkənin avtoparkı da yenilənsin. Əgər məqsəd yeni avtomobillərin ölkəyə gətirilməsini təmin etmək, ekologiyaya vurulan ziyanı aradan qaldırmaq və bunu stimullaşdırmaqdırsa, təkcə qadağalarla bu məsələ öz həllini tapa bilməz", - deyə N.Cəfərli qeyd etdi.

Həmidə İbrahimli