“Mətbuat konfransı keçirib millətə deyəcəm ki..." - Vahid Əhmədovdan nazirə ETİRAZ

 17:48 07.04.2023     668

“Nazirin “qiymət artımı olmayacaq” deməyi ilə razı deyiləm. Burada çox ciddi qiymət artımı nəzərdə tutulur”. 

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı energetika naziri Pərviz Şahbazovun çıxışına cavab olaraq deyib. 

Deputat bildirib ki, bu, tək iqtisadi qanun yox, həm də sosial-siyasi qanundur:

 “2025-ci ilə qədər Azərbaycanda parlament və Prezident seçkiləri nəzərdə tutulub. Belə bir qanun layihəsi ilə seçkiyə getmək nə qədər mənfi amillərə gətirib çıxaracaq. Qanun layihəsinin tətbiqinə 2027-2028-ci ildən başlamalıyıq. Öncə pilot layihələr həyata keçirib baxmaq lazımdır ki, rentabelliliyini göstərəcəkmi? Kim deyirsə, bu qanun tariflərə toxunmayacaq, mümkün deyil. Şirkət investisiya qoyursa, mənfəət əldə etməlidir”.

Vahid Əhmədov vurğulayıb ki, bu qanun layihəsi qəbul olunsa, ayrıca mətbuat konfransı keçirəcək: “Millətə də məlumat verəcəyəm ki, bu qanun layihəsi ciddi problemlərə gətirib çıxaracaq. Yenə qeyd edirəm ki, qarşıdan parlament və Prezident seçkiləri gəlir. Bizə sürpriz hazırlamayın. Bizim buna ehtiyacımız yoxdur”.

Xatırladaq ki, daha əvvəl energetika naziri Pərviz Şahbazov “Elektroenergetika haqqında” yeni qanunun qəbulunun qiymətlərin artması anlamına gəlməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, yaxın perspektivdə qiymətlərin sərbəstləşdirilməsi, ümumiyyətlə, nəzərdə tutulmur və qiymətlər tənzimlənəcək: “Bazar modeli tam fəaliyyətə başladıqdan sonra isə ötürmə və paylama fəaliyyəti dövlət inhisarında qaldığı üçün o da tənzimlənəcək. Rəqabət mühiti və bazarda ucuz qiymət təklif edən istehsalçıların mövqeyi olması isə topdansatış qiymətlərinin, nəticədə pərakəndə satış qiymətlərinin artmasına imkan verməyəcək”.

Deputat Qənirə Paşayeva da məsələyə münasibət bildirib: “Zamanında bəzi qurumlarımızın “layihələrindən” o qədər əziyyət çəkmişik ki, indi yenidən bu halla qarşılaşmaq istəmirik. 

Qeyd edim ki, vaxtilə bu sahədə fəaliyyət göstərən xarici investisiya şirkətləri ölkədən çoxlu pul apardı, amma investisiya qoymadılar. Bəs maraqlıdır, buna nəzarət edənlər kimlər idi? Kim ölkədən bu qədər vəsaitin aparılmasına göz yumub?! Mən bildiyimə görə, nəzarət edənlər dövlət qurumları olub. İndi bizə kim zəmanət verir ki, belə hallarla qarşılaşmayacağıq? İnsanlara geniş məlumat verilməlidir, çünki onlar keçmişdə olanlar barəsində məlumatlıdırlar. Hətta keçmişdə etdiyimz səhvlərə görə üzr istəməyi də bacarmalıyıq”.

Millət vəkili Fəzail Ağamalı əlavə edib ki, bu, strateji sahədir: “Burada millət vəkillərinə təqdim olunmuş layihəyə üzdən münasibət bildirilməsi çox ciddi, xoşagəlməz nəticələr verə bilər”.

Deputat bildirib ki, su, neft, elektroenergetika kimi sahələr birmənalı şəkildə dövlətin nəzarətində olmalıdır: “Bu gün “Azərişıq” istehlakçıları elektrik enerjisi ilə yüksək səviyyədə təmin edir. Satışda da hər hansı bir problem yoxdur. Satır, pulunu yığır və büdcəyə vəsait ödəyir. Pərviz müəllimin (energetika naziri Pərviz Şahbazov - red.) dedikləri qiymət artımının olmamasına təminat verə bilməz. Pul qoyan şirkət vəsaitini götürmək istəyəcək. Biz buna maneə ola bilməyəcəyik. Bu məsələdə tələsmək olmaz, yenidən dinləmələr keçirək. İşğaldan azad olunan rayonlarda elektrikləşmə tam başa çatmalıdır. Bu məsələyə 2030-cu ildən sonra baxmaq olar” (qafqazinfo.az).