"Trendyol" malları bahalaşa bilər - AÇIQLAMA

 15:03 01.05.2023     680

Məlum olduğu kimi, Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” “PAŞA Holding” ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək. “Trendyol” və “PAŞA Holding” Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.

Bəs, “Trendyol”-“PAŞA Holding” əməkdaşlığı azərbaycanlı alıcılara nə vəd edir? Bu, həmçinin karqo şirkətlərinin işinə necə təsir edəcək? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, “Trendyol”-“PAŞA Holding” əməkdaşlığının birbaşa karqo şirkətlərinə təsiri olacağını düşünmür.

Onun sözlərinə görə, sadəcə, bəlli karqo şirkətləri ilə işləməkdə davam edəcəklər:

"Yəni seçim daha "Trendyol"un özündən asılı olacaq ki, vətəndaşların verdiyi sifarişləri hansı yolla ölkəyə gətirsinlər. Nümayəndəliyin açılması, rəsmi fəaliyyətə başlanması onların həm də vergiyə cəlb olunması ilə nəticələnəcək. Vergiyə cəlb olunması və müəyyən dərəcədə sifarişlərin ölkəyə gətirilməsi üçün bəlli şirkətlərin seçilməsi, açığı deyim ki, qiymətlərə müəyyən təsir göstərəcək. Yəni ola bilər ki, indiki kimi deyil, bundan heç olmasa 15 -20 faiz (məhsul növünə baxır) qiymətlərin artması mümkündür. Çünki nümayəndəliyin açılması məqsədilə, yəni Azərbaycan hökumətinin israrı ondan ibarət idi ki, yerli nümayəndəlik vasitəsilə həm hesabatlılıq artsın, həm də həmin şirkətin əldə etdiyi gəlirlərdən vergi verilsin. Çox güman ki, bu nöqteyi nəzərdən belə bir addım atılıb. Amma bunun da müsbət tərəfləri ilə yanaşı, yəni vətəndaşların müəyyən problemlərlə üzləşəndə artıq zəmanətli şəkildə sifarişlərinin çatdırılması ilə yanaşı, mənfi tərəfi də ondan ibarətdir ki, qiymətlərin müəyyən dərəcədə artmasına səbəb olacaq".

Ekspert onu da vurğuladı ki, daşınma xərcləri, vergilər də həmin mal və məhsulların üzərinə gələcək:

"Bunu biz yaxın gələcəkdə açıq şəkildə görəcəyik ki, əvvəlki sistemdə sifariş verərkən, məsələn, 10 manata aldığınız məhsul indi artıq 11 manat, 11 manat 50 qəpik, 12 manat olaması gözlənilir. Yəni müəyyən dərəcədə bu, qiymət artımına səbəb olacaq. Məncə,vətəndaşların sərbəst şəkildə əvvəlki qaydada işləməsi və sərbəst seçim etməsi daha doğru olardı. Çünki insanlar sifariş verərkən sərbəst şəkildə özləri seçirdilər, hətta karqo şirkətlərini də özlərinin seçmək imkanları olurdu. İndi çox güman ki, belə bir imkan kifayət qədər məhdudlaşacaq və həmin yerli nümayəndəliyi ilə uzunmüddətli, yaxud qısamüddətli müqavilələr bağlayaraq bəlli karqo şirkətləri vasitəsilə sifariş vermək mümkün olacaq. Bu da bazarın müəyyən dərəcədə təkmilləşməsinə səbəb ola bilər".

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirdi ki, Azərbaycan iqtisadiyyatı liberal bazar prinsipi ilə fəaliyyət göstərən bir iqtisadiyyatdır:

"Qeyd etdiyiniz şirkətlərin hər biri özəl şirkətdir və bu özəl şirkətlərin fəaliyyəti isə mən hesab edirəm ki, azad şəkildə tənzimlənir. Yəni təklif var, rəqabət var. Əslində mən hesab edirəm ki, bu kimi hallar, rəqabətin olması daha yaxşıdır. Yəni burada bir rəqabətlik yaranır. Rəqabət olan yerdə isə bilirsiniz ki, şirkətlər öz əhatəsini genişləndirmək, iqtisadi imkanlarını artırmaq üçün daha effektli iş və xidmət təklif edirlər. Ona görə də fikrimcə, bu kimi hallar əslində bu sahənin genişlənməsini, müxtəlif çeşidli xidmətlərin təqdim olunmasını daha da stimullaşdıracaq".

Həmidə İbrahimli