"Dördüncü Sənaye İnqilabının nəticələrinə hazır olmalıyıq" - Deputat

 13:42 02.05.2023     346

Dünya Bankı növbəti beş il ərzində süni intellektin dünyadakı iş yerlərinin təxminən dörddə birini əvəz etməsi ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, ilkin mərhələdə süni intellektin tətbiqi əmək bazarında pozulmalara gətirib çıxaracaq. Buna baxmayaraq, ümumilikdə qarşıdakı beş ildə əksər yeni texnologiyaların əmək bazarına təsirinin müsbət olacağı da bildirilib. 

Dünya Bankının ekspertləri deyir ki, hazırda makroiqtisadi amillər də məşğulluğa təsir edir. Belə ki, iqtisadi artımın yavaşlaması, təklifin olmaması və inflyasiya iş yerlərində ixtisarlara səbəb olur.

Bəs, Dünya Bankının bu rəyi Azərbaycana necə təsir edəcək?

Mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov Redaktor.az-a danışıb.

Deputat vurğuladı ki, texnologiyadan istifadə əmək bazarına təsir göstərir:

"Nəticədə əmək bazarında iş yerlərinin artıq texnoloji baxımdan ixtisarlaşmasını müəyyən edirik. Hər bir ölkə texnoloji yeniliklərin, xüsusən də Dördüncü Sənaye İnqilabının nəticələrinə hazır olmalıdır. Amma nəzərə alsaq ki, burada söhbət daha innovativ sektorlarda texnologiyanın təsirindən gedir, bu, özünü o ölkələrdə göstərir ki, həmin ölkədə innovativ baxımdan iqtisadiyyata daha çox üstünlük verilir. İnnovativ iqtisadiyyatın inkişafı vacibdir, yaxşı haldır. Azərbaycan da praktiki olaraq Dördüncü Sənaye İnqilabının nəticələrini və təsirlərini daha yaxın şəkildə iqtisadiyyata tətbiq etməyə çalışan ölkədir.

Digər tərəfdən Dördüncü Sənaye İnqilabı ilə bağlı xüsusi mərkəzin fəaliyyət göstərməsi ondan xəbər verir ki, bu istiqamətdə Azərbaycan növbəti dövrlərdə texnoloji yeniliklərin həm passiv təsirlərini istifadə etməyə çalışır, həm də əmək bazarlarına təsiri kimi neqativ hesab olunan təsirləri də minimallaşdırmaq istiqamətində fəaliyyətlərini genişləndirəcək",- deyə o, bildirdi.

Humay İSGƏNDƏRLİ