"Azərbaycanda uçot dərəcəsinin inflyasiya ilə birbaşa əlaqəsi yoxdur" - Ekspert

 17:56 03.05.2023     400

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar qəbul edib.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7 %-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10 %-ə çatdırılıb.

Bildirilib ki, bu qərar daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilib.

Bəs, bu qərarın Azərbaycan iqtisadiyyatına mənfi təsiri olacaqmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, uçot dərəcəsinin artırılmasının səbəbi Azərbaycan Mərkəzi Bankının aparıcı Dünya Mərkəzi banklarına paralel davranmaq istəyindən doğur.

"Bu gün Amerika Birləşmiş Ştatlarında da FED-in iclasıdır və axşam saatlarında Bakı vaxtı ilə saat 9-da qərar açıqlanacaq. Orada da çox güman 0,25 bəndlik faizlik uçot dərəcəsinin artımı olacaq. Bundan sonra bu həftənin sonu Avropa Birliyi Mərkəzi Bankının iclası var. Orda da 0,25 və ya 0,50 faiz artım gözlənilir. Yəni Azərbaycan Mərkəzi Bankı da dünyanın aparıcı banklarıyla paralel olaraq addımlar atmağa çalışır. Amma onların atdığı addımların məntiqi ondan ibarətdir ki, inflyasiyanı cilovlamaq istəyirlər. Yəni uçot dərəcəsi artdıqca iqtisadi aktivliyi azalır və nəticə etibarilə inflyasiyanın azalması üçün zəmin hazırlayırlar. Azərbaycanda uçot dərəcəsinin inflyasiya ilə birbaşa əlaqəsi yoxdur. Çünki Azərbaycanın sistemi fərqlidir. Bizdə iqtisadi institutlar hələ oturuşmayıb. Ona görə də bizdə uçot dərəcəsi artanda yeganə təsir göstərən amil bank faizlərinin, kredit faizlərinin artımı ilə yadda qalır. Yəni son zamanlarda Mərkəzi Bankın faiz dərəcələrinin artırılması, əsasən də istehlak kreditlərinin faiz dərəcələrinin yüksəlməsi ilə yadda qaldı. Son zamanlar təqribən bir faiz civarında istehlak kreditlərinin faiz dərəcələri artıb. Yəni bu yöndən təsiri olur. Amma inflyasiyaya, ölkədəki makroiqtisadi göstəricilərə birbaşa Mərkəzi Bankın atdığı addımın təsiri yoxdur", - deyə ekspert qeyd etdi.

Həmidə İbrahimli