Azərbaycanda bu il qeydə alınan inflyasiya faizi AÇIQLANDI

 15:41 10.05.2023     2211

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrünə nisbətən 113,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 116,6 %, qeyri-ərzaq məhsulları üzrə 111,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,7 % təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 %, 2022-ci ilin eyni ayına nisbətən 112,8 % təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 %, 2022-ci ilin aprel ayına nisbətən 115,1 % təşkil edib.

Bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyü, vafli, peçenye, mal və qoyun əti, yoqurt, xama, pendir, zeytun yağı, naringi, portağal, alma, balqabaq, yerkökü, soğan, şəkər, konfetlər, çay, mineral sular, pivə, tütün məmulatları, ucuzlaşma isə əsasən çörək, un, qarabaşaq yarması, təzə balıq, yumurta, süfrə marqarini, kərə, günəbaxan və qarğıdalı yağları, banan, kələm, xiyar, çuğundur, kartof, mərcinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 %, 2022-ci ilin aprel ayına nisbətən 111,3 % təşkil edib.

Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən yağlı boyalar, mebellər, məişət cihazları, minik avtomobilləri üçün ehtiyat hissələri, ucuzlaşma isə kəsilmiş taxtalar, mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 %, əvvəlki ilin aprel ayına nisbətən 110,7 % təşkil edib. Hesabat dövründə əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma mənzillərin icarə haqlarında, stomatoloji, bərbərxana, kosmetoloji, ictimai iaşə və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.