"3-5 bank var ki, insanlar arxayın şəkildə əmanətlərini orada saxlaya bilərlər" - Deputat
Bildiyimiz kimi ötən gün "Günay Bank" bağlandı. "Muğan Bank"ın və başqa bankların ləğv ediləcəyi də iddia olunur.
Əmanətçilərin bəzilərinin əmanəti isə sığortalanmayıb. Maraqlıdır, onların aqibəti necə olacaq? Qlobal problem olmadan bankların bağlanma səbəbi nə ola bilər? Bu hal yenidən banklara inamsızlığa gətirib çıxaracaqmı?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Rüfət Quliyev Redaktor.az-a danışıb.
Deputat dedi ki, “Günay Bank”ın bağlanılması səbəbi Mərkəzi Bankın tələblərini tam yerinə yetirməmisidir:
“Tələblər həqiqətən də banklar üçün çətin olsa da bankların və insanların xeyrinədir. Banklar özləri maliyyə durumlarını saxlaya bilsinlər, inkişaf edə bilsinlər, bankrot olmasınlar. Mərkəzi Bankın bu tələbləri var. Həmin tələblər də bütün banklara aid olunur. Ümumiyyətlə maliyyə vəziyyəti dünyada çox çətinləşib, mürəkkəbləşib. Post-pandemiya maliyyə sisteminə təsir edib, bu təsir qismən də olsa Azərbaycana təsir edir. Dünya iqtisadiyyatına inteqrasiya olunmuş iqtisadiyyatıq. Maliyyə sistemində Azərbaycan özünü qoruyur, amma yenə də təsirlər var. Bu çağırışların qarşısını almaq üçün banklar işlərini daha da sığortalamalıdır”.
Millət vəkili bildirdi ki, əgər bank əmanətləri sığortalanıbsa, həmin vəsaitlər qaytarılacaq:
“Amma sığortalanmayan hissəsinin aqibəti ilə bağlı gələcəkdə cavab veriləcək. Aldığım məlumata görə ilk öncə sığortalanan hissə dövlət tərəfindən bərpa olunur. Sonra isə mərhələ-mərhələ qeyri-sığortalanmıyan əmanətlər qaytarılır. Buna ilk öncə dövlət tərəfindən maliyyə vəsaiti lazımdır, ikincisi isə buna vaxt lazımdır. Hər bir insanla individual qaydada iş gedir. Qanuna əsasən addımlar atılır, amma ola bilər ki, vaxt alsın. Əmanətin özündən də bəzi şeylər asılıdır. Atılan addımlar onun üçündür ki, insanlar tam sığortalansın, banklarda problem yaransa, gələcəkdə o problemlə üzləşməsinlər”.
R.Quliyev vurğuladı ki, Azərbaycanda kifayət qədər imkanlı banklar var:
“Onlar işlərini qurublar və insanlar tam sığortalanıb. Buna görə də düşünürəm ki, o banklarda risk azdır. Əldə olan məlumata əsasən “Günay Bank” bağlanmazdan öncə 26 bank fəaliyyət göstərirdi. Bunların içərisində 3-5 bank var, hansı ki, arxayın şəkildə əmanətlərini banklarda saxlaya bilərlər. Bəlkə də 5 deyil, daha artıqdı. Adlarnı isə bilərəkdən çəkmirəm. Çünki təbliğat və təşviqat cəhdi olar. Bu formada ciddi problem yaranmıyacaq”.
Humay İSGƏNDƏRLİ