"Bağlanan banklar mütləq o pulu qaytarmalıdır..." - Vahid Əhmədov
"Bazar iqtisadiyyat və rəqabət var. Amma xırda banklar var ki, bu rəqabətə dözməyərək müəyyən problemləri həll edə bilmirlər".
Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycanda banklarların bağlanmasl barədə Redaktor.az-a danışarkən bildirdi.
Deputat qeyd etdi ki, bir vaxtlar Azərbaycanda 40-dan çox bank fəaliyyət göstərirdisə, indi yarıyadək azalıb:
"Azərbaycanda banklar yavaş-yavaş bağlanır. Mən ümumiyyətlə bankların bağlanmasının həmişə əleyhinəəyəm. Daha çox bankların birləşdirilməsinin tərəfdarıyam. Müəyyən maliyyə problemləri olan banklar böyük banklara birləşsə insanlar da daha az əziyyət çəkər".
V.Əhmədov onu da vurğuladı ki, bankların bağlanma prosesi davam edəcək:
"Elə banklar var ki, bağlanıb və əmanətləri sığortalanmır. Bu proses gedəcək, çünki dünyada bu proses gedir. Yəni kiçik banklar yavaş-yavaş öz səlahiyyətləri dayandırır, yeni banklara verir. "PAŞA Bank", "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Xalq Bank" kimi böyük, sistem əhəmiyyətli banklar var ki, elə bir ciddi maliyyə problemləri yoxdur. Yəni bu bankları da birləşdirmək olar və onda insanların depozitlərində də problem olmaz. Bankların bağlanmasına öyrəşmək lazımdır".
V.Əhmədov dedi ki, əmanətlərin hamısı heç bir bankda sığortalı olmur:
"Kifayət qədər sığortalanmayan hissələr var, o hissələri də qaytarmaqda bank məsuliyyət daşımır. Amma əmanət sığortalanıbsa, bağlanan banklar mütləq o pulu qaytarmalıdır".
Humay İSGƏNDƏRLİ