"Yeni layihədə büdcə qaydasına əməl edilməyib" - Hesablama Palatası

 11:11 02.06.2023     321

Dövlət büdcəsinin yenidən baxılan layihəsi üzrə büdcə qaydasına əməl edilməyib, təsdiq olunmuş göstəricilərə nisbətən yenilənən layihədə icmal büdcənin qeyri-neft baza kəsirinin mütləq ifadədə artması fonunda qeyri-neft ÜDM-in əhəmiyyətli artımı qayda üzrə birinci nisbət göstəricisini bir qədər azaldıb.

Redaktor.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənəddə deyilir ki, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2023-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyrineft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında” 2022- ci il 30 dekabr tarixli prezident fərmanına əsasən büdcə qaydasının 2 göstəricisi üzrə hədlər müəyyən edilib:

- İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5%, 2023-cü ilin sonuna isə 25%;

- Dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20 % müəyyənləşdirilib.

Təqdim edilmiş məlumatların təhlili yenilənən layihədə 2023-cü il üzrə icmal büdcənin qeyrineft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 25,4% proqnozlaşdırıldığını göstərir ki, bu da müvafiq göstəricinin büdcə qaydası çərçivəsində olmadığını deməyə əsas verir.