"Azərbaycanda buğda istehsalı gözlənilənlərin əksinə olaraq artmır" - Ekspert

 15:58 05.06.2023     455

Son 20 gündə Azərbaycanda unun qiyməti 3 %-dən çox ucuzlaşıb. Yerli mətbuatın yazdığına görə, ölkədə topdansatış mərkəzlərində 50 kiloqram un kisəsinin qiyməti 31,5 - 34 manat arası dəyişir. 

Lakin ilin sonuna qədər unun qiymətinin yenidən artacağı barədə ehtimallar var.

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan özü-özünü cəmi 25 faiz əmtəəlik buğda ilə, yəni un istehsal oluna biləcək buğda ilə təmin edir.

Onun sözlərinə görə, biz 75 faiz xaricdən asılıyıq və təəssüf ki, uzun illərdir bu proporsiya dəyişmir:

"Yəni Azərbaycanın yerli istehsalı gözlənilənlərin əksinə olaraq artmır və təbii ki, xaricdən asılıyıqsa, xaricdəki qiymət dəyişiklikləri dərhal Azərbaycanın daxili bazarına da təsir göstərir, un və un məmulatlarının bahalaşmasına səbəb olur. Rusiya-Ukrayna müharibəsinin fəsadlarına görə, Azərbaycan son zamanlar daha çox Rusiyadan yox, Qazaxıstandan taxıl almağa başlayıb. Qazaxıstan taxılı isə Rusiyaya nisbətən bir az bahadır. Yəni bunun da səbəbi var. Qiymətlərə təsir edə bilir. İkincisi də Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi, necə bitəcəyi hələ bilinmir. Türkiyənin vasitəçiliyi ilə olan “Taxıl Anlaşması” may ayında yenidən cəmi iki aylıq uzadıldı. Yəni avqustda yenidən baxılmalıdır. Əgər uzadılmasa, Ukrayna taxılının dünya bazarlarına çıxarılması ilə bağlı ciddi problem yaşana bilər ki, bu da qiymətlərin artımına səbəb olan əsas məsələdir. Azərbaycanın daxili səbəblərinə baxanda görürük ki, bizdə əmtəəlik buğda, əkin sahələrində də təəssüf, azalma var. İstehsalın həcmində də azalma var. Bütün bunlar daxili bazarda da gərginlik yaradan, qiymət artıran səbəblərdir".

Həmidə İBRAHİMLİ