Qarabağda tikinti ödənişləri “bir pəncərə” sistemi ilə həyata keçirilsin - Deputat

 16:35 07.06.2023     413

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərin iş müqabilində onlara ödənişlərin gecikməsi ilə bağlı şikayətləri diqqətə çatdırılıb. Deputat Elnur Allahverdiyev çıxışında deyib ki, gecikmələrə görə şirkətlər görülən işləri öz vəsaitləri hesabına edir, xərclənən məbləğin geri alınmasında ləngimələrlə üzləşirlər.

Parlamentarinin qaldırdığı məsələyə münasibət bildirən maliyyə nazirinin müavini Azər Bayramov və iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ödəmələrlə bağlı problemin olmadığını deyiblər.

Redaktor.az-ın məlumatına görə, Parlamentin komitə iclasındakı çıxışı barədə modern.az-a açıqlama verən deputat Elnur Allahverdiyev hesab edir ki, problem birinci instansiyada deyil:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətin uğurlu tədbirləri nəticəsində iqtisadiyyatımızın şaxələnməsi dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına şərait yaradır. Vergi və gömrük haqlarından əldə edilən gəlirlər bu il Dövlət Neft Fondundan edilən transfertləri 4 dəfə üstələyir. Bu çox böyük göstəricidir. Bu, iqtisadiyyatın artması ilə bərabər biznesin də artması, özəl sektorun böyüməsi deməkdir. Büdcəyə artıq vəsaitin daxil olması Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işlərinin sürətlənməsinə, bu prosesə daha çox vəsaitin sərf edilməsinə imkan verir. Burada işləri müxtəlif şirkətlər həyata keçirir. Ancaq iş adamlarından görülən işlərin müqabilində ödənişlərdə gecikmələrin olduğuna dair şikayətlər var. Sifarişçi isə deyir ki, bu, dövlət büdcəsi ilə bağlıdır".

"Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində qaldırıldı və bildirildi ki, hazırda qanun layihəsi hazırlanır. Layihədə bu kimi narahatlıqların həlli öz yerini tapacaq və iş adamı gördüyü işin müqabilində pulunu nə vaxt, necə əldə edəcəyinə dair şəffaf məlumata malik olacaq. Məsələn, hər hansı şirkət Ağdamda tikinti üçün müqavilə bağlayır. Əsas təklifimiz bundan ibarətdir ki, şərti olaraq necə DOST xidməti, yaxud "ASAN xidmət" var, "Bir pəncərə" sistemi ilə bu ödənişlər üçün sifariş, tender və s. prosedurlar öz həllini tapsın. Başqa sözlə, tikinti-bərpa işləri üçün ödənişlər "Bir pəncərə" sistemi ilə həyata keçirilsin. Bu halda şirkətlər öz işlərini proqnozlaşdıra, planlaşdıra bilərlər. Mənim çıxışımda qeyd etmək istədiyim əsas təklif budur. 

Şirkətlərdən şikayətlər var ki, işi görmüşük, pulumuzu vermirlər. Ancaq həm maliyyə nazirinin müavini Azər Bayramov, həm də iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirdilər ki, dövlət tərəfindən vəsaitin ödənilməsində heç bir gecikmə yoxdur. Problem birinci instansiyada deyil. Bu vəsaiti sonra paylaşan sifarişçi qurumlarda ləngimələr var. Fikrimcə, prosesin məhz bu hissəsində gecikmələr olur və onları aradan qaldırmaq lazımdır”, - deyə deputat vurğulayıb.