Azad olunmuş ərazilərdə şirkətlərə niyə proqramdan kənar işlər gördürüb, pulunu vermirlər? - AÇIQLAMA

 16:09 09.06.2023     772

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sonuncu iclasında deputat Elnur Allahverdiyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlər gördükləri işə görə ödənişləri ala bilmirlər. Onun sözlərinə görə, gecikmələrə görə şirkətlər görülən işləri öz vəsaitləri hesabına edir, xərclənən məbləğin geri alınmasında ləngimələrlə üzləşirlər.

“Qarabağda fəaliyyət göstərən şirkətlərdən artıq şikayətlər gəlməyə başlayır. Şikayətlər əsasən büdcə ilə bağlıdır. İş adamlarına ödənişlərdə gecikmələr yaranıb. Büdcənin açılıb-bağlanması məsələsi var. Bunu biz işçi heyəti ilə müzakirə edə bilərik, amma iş adamına bunu izah etmək olmur. Dünyada gedən inflyasiyalar, kataklizmlər ona gətirir ki, biznes sahəsində yavaş-yavaş Qarabağa doğru gedən yolda işləməyə həvəs azalmağa başlayır. Həmin şirkətlərin adlarını da çəkə bilərəm. Onların işləri yaxşılığa doğru getdiyindən öz vəsaitlərindən istifadə edirlər. Öz ciblərindən vəsait xərcləyərək iş görürlər. Amma geri dönüş çox vaxt olmur. Bu da onunla əsaslandırılır ki, büdcə açılmayıb. Onlar bunu başa düşməyəcək. İş adamı inanmalıdır ki, bu gün bu işi gördüm, pulum müəyyən müddətdən sonra veriləcək. Ya da bilməlidir ki, ümumiyyətlə, verilməyəcək və işi götürməməlidir”,- deyə E.Allahverdiyev vurğulayıb.

Maliyə nazirinin müavini Azər Bayramov isə deyib ki, təqdim edilmiş sifarişlər üzrə hazırda bir qəpik belə borc yoxdur:

"Bizim planlaşdırdığımız büdcə xərclərimiz beş ayda 103% icra olunub". 

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev isə cavab olaraq bildirib ki, Qarabağda nəzərdə tutulan hər bir işin ödənişi edilib. "Podratçı şirkətlər belə problemlərlə üzləşir və İqtisadiyyat Nazirliyinə müraciət edir ki, bizim pulumuzu verin. İnvestisiya proqramında nəzərdə tutulan işlər üzrə bütün ödənişlər edilib. Bəzən olur ki, proqramda nəzərdə tutulandan kənar işlər görülür və həmin işlər cari il üçün proqramda olmur. Sonra da podratçılar deyir ki, pulumuzu verin”, - deyə o, qeyd edib.

Maraqlıdır, nazir müavini "proqramda nəzərdə tutulandan kənar işlər" dedikdə nəyi nəzərdə tutur? Ümumiyyətlə, həmin şirkətlərə proqramda nəzərdə tutulandan kənar işlər gördürür və buna görə ödənişləri vermirlər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, layihələrlə əlaqədar işğaldan zad olunmuş ərazilərdə işlər gedir.

Onun sözlərinə görə, o işlər hamısı tenderdən keçmiş işlərdir və müəyyən şirkətlər orada işləyirlər:

"Amma iş vaxtı ola bilər ki, əlavə nəsə iş çıxır. Ola bilər layihədə nəzərdə tutulmayıb, çünki dağ yerlərdir, kənar yerlərdir. Belə işlərdə əlavə iş həmişə çıxır. Ona görə də o vəsaitin ödənilməsindən söhbət gedə bilər. Amma iqtisadiyyat nazirinin müavini, həm də maliyə nazirinin müavini Azər Bayramov qeyd etdilər ki, ümumiyyətlə, ödəmələrdə heç bir gecikmə yoxdur, ödəmələr nə vaxt təqdim olunur, həmin saatda həyata keçirilir. Amma orada mənim həmkarım Elnur Allahverdiyev bu sualı qaldırmışdı. Sualı da düzgün qaldırmışdı. Çünki bundan əlavə bizdə də müəyyən məlumatlar var ki, gecikmələr var. Ümumiyyətlə, gecikmələrlə əlaqədar təkcə Qarabağda deyil, bütün ölkə ərazisində belə məsələlər var. Gecikmələrdən əlavə orada məlumat verildi ki, indi ödənişlər haqqında xüsusi təlimatlar, qanun layihələri hazırlanır və sair ki, bu məsələlər aradan qaldırılsın. Amma yenə deyirəm həm Elnur Əliyev, həm də Azər Bayramov bu barədə çox geniş məlumatlar verdi".

Qeyd edək ki, Milli Məclisin komitə iclasında "Həmin şirkətlərin adlarını da çəkə bilərəm" deyən deputat Elnur Allahverdiyevdən ödəmələri gecikən və ya ala bilməyən şirkətlərin adlarını öyrənmək istəsək də, o, bundan imtina etdi.

Həmidə İBRAHİMLİ