Azərbaycanda türk malları niyə bahadır? - Ekspert açıqladı

 16:45 12.06.2023     468

Məlum olduğu kimi Türkiyə lirəsi Azərbaycan manatı qarşısında minimuma enib. Lakin türk lirəsinin kəskin ucuzlaşsa da, Azərbaycana gətirilən məhsulların qiymətində artım müşahidə olunur.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verəm iqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, Türkiyədə aparılan qeyri-ortodoks siyasət öz effektini vermədi.

Onun sözlərinə görə, inflyasiya getdikcə sürətlənməyə başladı və lirə ucuzlaşdı.

"Mövcud situasiyada biz müşahidə edirik ki, Türkiyənin ixrac etdiyi məhsulların qiymətində ucuzlaşma o qədər də baş vermədi. Bunun isə iki səbəbi vardır. Birincisi, Türkiyənin ixrac etdiyi ölkələrdə olan qeyri-rəqabət şəraiti, ikincisi isə Türkiyənin istehsal etdiyi məhsulların xammalını daha çox xaricdən idxal etdiyindən, ixrac etdiyi məhsulların qiymətinin baha olmasına gətirib çıxarır. Türkiyə ixrac etdiyi bir məhsuldan istifadə etdiyi məhsulu xaricdən gətirdiyi zaman Türkiyədən valyuta çıxır. Ona görə də ucuz lirə siyasəti ixracı dəstəkləməklə yanaşı, eyni zamanda da müəyyən problemlərə gətirib çıxartdı. Digər bir istiqamət isə öncə də qeyd etdiyim kimi, Türkiyə məhsullarının idxal olunduğu ölkələrdə, o cümlədən də Azərbaycanda rəqabət şəraitinin tam liberal, azad formada olmaması, nəticədə bu qiymətlərdə də, Azərbaycan bazarlarında olan türk məhsulun qiymətində də özünü göstərir. Amma birinci səbəb lirənin ucuzlaşması ixracı stimullaşdırsa da, amma xammaldan Türkiyənin asılı olması məhsulların qiymətinin baha olmasına gətirib çıxardır", - deyə ekspert qeyd etdi.

Həmidə İBRAHİMLİ