Azərbaycanda Türkiyə məhsulları ucuzlaşacaqmı?

 14:13 12.06.2023     334

"Türkiyə lirəsinin son 1 ayda 16.0 faizdən çox dəyər itirməsi qardaş ölkədə istehsal edilən məhsulların ixrac qiymətlərinə də təsirsiz ötüşmür. Belə ki, dollara nisbətən ucuzlaşan lirə digər əksər valyutalara rəğmən də dəyərsizləşir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov özünün feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, lirənin ucuzlaşması elektron satış şəbəkələr üzərindən sifarişlərin həcminə təsir göstərməkdədir:

"Belə ki, hələlik həmin şəbəkələrdə Türkiyə məhsullarının lirə ifadəsində qiymətlərində kəskin dəyişiklik olmadığından belə sifarişlər səmərəli hesab olunur. Manat ifadəsində hazırda daha ucuz qiymətə Türkiyə məhsullarını elektron satış şəbəkələri vasitəsi ilə sifariş etmək mümkündür.

Bununla belə, lirənin dollara nisbətən ucuzlaşması fonunda Türkiyədə inflyasiya da müşahidə olunur. Bu ilin 4 ayının yekunlarına əsasən Türkiyədə inflyasiya səviyyəsi 45 %-dən çox olub. İnflyasiyaya qarşı sərt tədbirlər görülərsə belə hələlik istehlak qiymətləri yüksək olaraq qalmaqdadır. Ona görə də indiki halda lirənin ucuzlaşması Azərbaycanın istehlak bazarına ciddi və davamlı təsir etmir.

Bu isə o deməkdir ki, hazırda istehlak bazarında qardaş ölkədə istehsal olunan məhsulların ucuzlaşması müşahidə olunmasa da belə elektron satış şəbəkələr vasitəsi ilə mal sifarişlərində manat ifadəsində qiymətlər aşağı düşüb. Bu isə belə sifarişləri daha da cəlbedici edib".

Deputat qeyd edib ki, 2022-ci ildə Azərbaycan Türkiyədən 2 milyard 297 milyon dollarlıq məhsul idxal edib. Türkiyəyə ixracatımız isə 3 milyard 544 milyon dollara çatıb.