Azərbaycanda “LC Waikiki” saytına giriş niyə qadağandır? - AÇIQLAMA

 17:34 19.06.2023     1579

Türkiyənin “LC Waikiki” moda və geyim alış-veriş saytı təxminən iki aydır ki, Azərbaycanda bloklanıb. Azərbaycanlı alıcılar "www.lcwaikiki.com" saytına yalnız VPN tətbiqindən istifadə etməklə sayta daxil olub, karqo şirkətlərinin Türkiyə ofisinə sifariş verə bilirlər. Qeyd edək ki, ölkəmizdə bu sayta girişin məhdudlaşdırılmasının səbəbi məlum deyil.

Adətən dövlət təhlükəsizliyini təhdid edən saytların müvafiq dövlət qurumu tərəfindən bloklandığını nəzərə alsaq, “LC Waikiki” kimi geyim satışı ilə bağlı bir sayta girişin məhdudlaşdırılması sual doğurur.

Odur ki, Redaktor.az məsələ ilə bağlı Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyinə sorğu göndərdi.

Sorğumuza cavab olaraq bildirildi ki, “İnformasiya, informasiyalaşdırma va informasiyanın mühafizəsi haqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi ilə yayılması qadağan edilən məlumatlar, eləcə də qeyd olunan məlumatların müvafiq internet informasiya ehtiyatından götürülməsi və internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması üzrə hüquqi və texniki prosedurlar müəyyənləşdirilib.

“Qeyd olunan internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması istiqamətində Rəqəmsal İnkişaf va Nəqliyyat Nazirliyi tərəfindən hər hansı tədbir hayata keçirilməyib” - deyə nazirlik "www.lcwaikiki.com" saytına girişi məhdudlaşdırmadıqlarını bəyan etdi.

"LC Waikiki"nin Azərbaycandakı rəsmi nümayəndəsi "Best Brands Group MA"nın marketinq şöbəsindən isə saytımıza bildirildi ki, bu məhdudiyyət Türkiyə tərəfindən həyata keçirilib.

Arzu İSMAYIL

2