"Ukraynadan gətirilən şəkər tozunu qablaşdırıb, üzərinə Azərbaycan istehsalı yazılırdı" - Ekspert

 13:51 20.06.2023     449

Azərbaycanda şəkər tozunun qiymətinin bahalaşması barədə məlumatlar yayılıb. Satıcılar şəkərə tələbatın artması mövsüm ilə əlaqəli olduğunu bildiriblər. Belə ki, bir neçə gün əvvəl kiloqramı 1,60 manata olan şəkər tozu hazırda 1,70 manata satılır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, qiymət artımının əsas səbəblərindən biri mövsümlə əlaqəlidir.

Onun sözlərinə görə, tələbat artıb, tələbat artan kimi qiymət də artır:

"Amma əsas problemlərdən biri odur ki, biz idxaldan çox asılıyıq. Əvvəllər şəkər tozu Ukraynadan daha çox gətirilirdi, Azərbaycanda qablaşdırılırdı və Azərbaycan şirkətlərinin istehsalı adı altında bazara çıxarılırdı. Əslində onun içində olan şəkər tozu Azərbaycan istehsalı deyildi. Demək olar ki, indi Ukraynadan məhsul gəlmir. Rusiyadan isə şəkər tozunun ixracı ilə bağlı rüsumların artırılmasının şahidi olduq. Yəni bazarda həm də buna görə bir gərginlik var. Bu, kompot, mürəbbə bişirilməsi, konservləşdirilməsi mövsümü davam etdikcə təqribən sentyabr, oktyabr aylarına qədər tələbatın yüksək olduğunu düşünmək olar. Tələbat yüksəldikcə qiymətlərdə təəssüf ki, artımlar ola bilər".

Həmidə İBRAHİMLİ