Rubl dəyər itirir - Manatı nə gözləyir?
“Rusiya rublu dəyər itirməkdədir. Son 2 ayda rubl dollara nisbətən 14.0 faiz ucuzlaşıb. Sanksiyalar rublu sıxmaqdadır”.
Redaktor.az-ın məlumatına görə, bu barədə fikir bildirən deputat Vüqar Bayramov deyib ki, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür.
Deputat qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır:
“Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Bu baxımdan, Rusiya pulunun manata nisbətən dəyər itirməsi Azərbaycanın ixrac edilən qeyri-neft məhsulların rubl ifadəsində bahalaşmasına səbəb olur. Bu isə qeyri-neft ixrac imkanları baxımından arzuolunan deyil.
Tədiyə balansında profsit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin ilk 5 ayında 5.1% möhkəmləndirib.”
“Tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Bu aspektdən, ixracatın strukturunun keyfiyyət baxımdan daha da təkmilləşdirilməsi prioritetdir.
Rusiya daxil olmaqla, qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ ki məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də, manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”, - parlamentari vurğulayıb.