"Qiymət artımı Azərbaycana heç bir təsir göstərməyəcək" - Ekspert

 16:38 18.07.2023     384

Bildiyimiz kimi, Rusiya Qara dəniz taxıl təşəbbüsündə iştirakını dayandırıb. Bundan sonra dünya bazarlarında buğda və qarğıdalınin qiymətləri bahalaşıb.

Rusiyanın "taxıl sazişi"ndən çıxmasından sonra dünya yenidən taxıl qıtlığı ilə üzləşə bilərmi? Bu proses Azərbaycana necə təsir edəcək?

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Redaktor.az-a danışdı.

Ekspert söylədi ki, birjalarda Rusiyanın taxıl sazişini uzatmayacağına dair qərarı taxıl qiymətlərini üç faiz bahalaşdırıb.

“Amma Rusiyanın taxıl sazişindən çıxacağına dair gözlənti çox idi. Rusiyanın hakimiyyətə yaxın şərhçilərinin bəyanatından başa düşmək olurdu ki, proses uzanmayacaq. Taxılın qiymətindən başqa günəbaxan yağının, qarğıdalı yağının qiymətində də qalxım ola bilər. Amma nüans odur ki, son 12 aydır taxıl qiymətləri ucuzlaşırdı. Son 12 ayda 30 faizə qədər ortalama ucuzlaşma özünü göstərirdi. Biz ötən ilki o gərginliyi müşahidə eləməyəcəyik. Keçən ildən fərqli olaraq qiymətlər kəskin bahalaşmayacaq. Burada bir neçə məqam var. Birincisi, odur ki, Ukrayna taxıl ixrac edəcək, tam olaraq taxıl bazarından çıxmayacaq".

İqtisadçı vurğuladı ki, qiymət artımı bizə heç bir təsir göstərməyəcək.

“Birjalardakı dəyişimlərin nəticəsini 6-9 aydan sonra öz bazarımızda hiss edirik. Yəni bu mərhələyə qədər dünya bazarında artıq hər ay demək olar ki, taxılın ucuzlaşması var idi. İndiki dəyişiklik hələ bizi narahat etməli deyil”, - deyə X.Kərimli vurğuladı.

Humay İSGƏNDƏRLİ