Restoranlar "ƏDV geri al" layihəsinə niyə qoşulmayıb? - Ekspert: "Qəbzlərlə bağlı nəzarət mexanizmi gücləndirilməlidir"

 15:32 07.08.2023     578

Bildiyimiz kimi 2020-ci ilin may ayından pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm həyata keçirilir.

Ancaq mexanizmlə bağlı şikayətlərin ardı-arası kəsilmir. Bir çox mağazalar, kafe-restoranlar "ƏDV geri al" layihəsinə qoşulmadığından müştərilərə qəbz vermir. Yaxud verdikləri qəbzin üzərində QR və İD kod olsa da, QR kodu oxutduqda belə bir mesajla qarşılaşırıq: "Daxil etdiyiniz çek aldığınız təsərrüfat obyektinin fəaliyyəti ƏDV-nin geri qaytarılmasına əsas verən pərakəndə ticarət və ya ictimai iaşə sahəsinə uyğun deyil".

Bu şikayətlə bağlı redaksiyamıza da dəfələrlə müraciət ünvanlanıb.

Vətəndaşlar bilmək istəyirlər ki, restoranlar nə üçün ƏDV-ni geri qaytarmır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Redaktor.az-a danışdı.

Onun sözlərinə görə, ƏDV-nin geri qaytarılması "ƏDV geri al" layihəsi çərçivəsində innovativ layihəyə qoşulmaqla mümkündür:

"Mağazalar, marketlər sadəcə istehlakçının ƏDV geri al layihəsindən yararlanması üçün ona qəbz təqdim edirlər. Yeni kassa aparatları vasitəsilə çıxarılmış qəbzlərin təqdim olunması lazımdır ki, bu qəbzlərdə həm QR kod var, həm də İD kod yazılsın. Restoranlar da sadəcə olaraq sadə qəbz verirlər və burada QR kod yoxdur. Buna görə də istehlakçılar şikayətlənirlər. Bunun üçün də bütün ictimai iaşə müəssisələri, bütün alış-veriş mərkəzləri, xidmət yerləri 100%-li şəkildə yeni kassa aparatları ilə təmin edilməlidir. Eyni zamanda bu aparatlardan istifadə təmin olunmalıdır. Çox təəssüf ki, bu gün regionlarla bərabər, paytaxtın özündə də kifayət qədər sayılıb qurtara bilməyəcək qədər belə alış-veriş mərkəzləri, restoranlar, kafelər var. Onlar istehlakçılara "ƏDV geri al" layihəsindən yararlanmağa imkan verən qəbzlər təqdim etmirlər. Nəinki QR kodlu qəbzlər, ümumiyyətlə, terminallarının belə işləmədiyini söyləyirlər. Hər kəsə də eyni sözü deyirlər ki, sabah işləyəcək, amma o sabahlar bitmir".

Ekspert vurğuladı ki, bütün bu hallara qarşı nəzarət mexanizmi gücləndirilməlidir:

"Hər kəs məsuliyyətini dərk etməlidir. İstehlakçılara nağdsız ödəniş həyata keçirilmə imkanı verilməlidir".

Humay İSGƏNDƏRLİ

2