Bakı-Tbilisi-Ankara sürət qatarı xəttə buraxılacaq?
Bakı-Tbilisi-Ankara sürət qatarının xəttə buraxılması imkanları nəzərdən keçirilir.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan “BM.ge” biznes-portalı məlumat yayıb.
Bildirilir ki, xəttə “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət qatarların buraxılması nəzərdə tutulur.
Qeyd edilir ki, rəsmi olaraq 2017-ci ildə açılan Bakı-Tbilisi–Qarsa dəmir yolu xətti ilə bu illər ərzində yalnız yük daşınmaları həyata keçirilib. 2022-ci ilin avqustunda Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin aidiyyəti qurumlarının rəhbərlərinin üçtərəfli görüşündə türkiyəli nazir Adil Karaismailoğlu demişdi: “Biz həmişə malların hərəkətini nəzərə alırıq. Qarşıdakı illərdə lazımi infrastruktur olduğu halda niyə sərnişindaşıma haqqında düşünməyək?!”
Bakı-Tbilisi-Qars marşrutunun uzunluğu 829 kilometrdir. Bunun 504 kilometri Azərbaycanın, 246 kilometri Gürcüstanın, 79 kilometri isə Türkiyənin ərazisindən keçir.
Azərbaycan yolun yenidən qurulması ilə bağlı təkliflə çıxış edib. Xətt üzrə yenidənqurma işləri 2024-cü ildə başa çatacaq (Azərtac).