"Orada çalışanların əksəriyyəti evlənməyə hazırlaşan gənclərdir" - "Volt"un bağlanmasına REAKSİYA

 16:57 15.08.2023     382

Xəbər verdiyimiz kimi, ötən gün “Volt Azərbaycan” MMC-nin fəaliyyəti dayandırıldı.

Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, “Volt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb. 

Qeyd edək ki, "Volt"da çalışan yüzlərlə gənc var idi, bəzi restoranlar yalnız "Volt" vasitəsilə xidmət göstərirdi. 

Bəs onların bundan sonrakı aqibəti necə olacaq? 

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Redaktor.az-a danışdı.

Ekspert söylədi ki, bütün hallarda bir müəssisənin bağlanması arzuolunan hal deyil.

"Mövcud neqativ halların aradan qaldırılmasına çalışmaq hazırkı məqam üçün mümkün qədər bir müəssisənin və yaxud bir xidmətin bağlanmasından qaçmaq lazımdır. Çünki bu, məşğulluğun təmin olunmasında ciddi şəkildə öz töhfəsini verir. Bu gün baxsaq görəcəyik ki, boşanmaların sayının artmasına rəğmən, evlənənlərin sayında hər 10000 nəfərə düşən sayda ciddi azalmalar var. 17 faizlik hər 1000 nəfərə düşən sayda bir azalma var. Bu, sözügedən xidmət sahəsində də fəaliyyət göstərənlərin böyük əksəriyyəti deyərdim ki, evlənməyə hazırlaşan gənclərdir. Yəni belə bir xidmətin fəaliyyətinin dayandırılması ilə məhz bu gənclər ciddi zərbə almış oldu. Təbii ki, heç bir halda qanunsuz və normalardan kənar fəaliyyət dəstəklənməməlidir, normalar çərçivəsində fəaliyyət göstərilməlidir. Bunu birmənalı olaraq dəstəkləyirəm. Amma eyni zamanda, bu normalara riayət olunması üçün nə mümkünsə edilməlidir. Çünki bir müəssisənin yaradılması, bir xidmətin qurulması çox çətin əmək nəticəsində, çox çətin vəsait nəticəsində mümkündür. Buna görə də mövcudları biz qorumağa çalışmalıyıq. İqtisadi orqanizmdə fəaliyyət göstərən bütün detalları bizi qorumağa çalışmalıyıq. Çünki sıradan çıxandan sonra bərpası çox çətin olur", - deyə E.Əmirov vurğuladı.

Humay İSGƏNDƏRLİ