Yeni qanun kəskin qiymət artımının qarşısını alacaq - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda “Dövlət ehtiyatları haqqında” yeni qanunun qəbulu gözlənilir.
Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a bildirdi ki, "Dövlət ehtiyatları haqqında" qanun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində birinci oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Onun sözlərinə görə, gözlənilir ki, qanun müzakirələrdən sonra qəbul olunacaq və bununla da Azərbaycanda ərzaq məhsullarının strateji ehtiyatların formalaşdırılması həyata keçiriləcək:
"Əvvəllər ərzaq məhsulları üzrə strateji ehtiyatlar daha çox taxıl məhsulu üzrə formalaşdırılırdı. Amma artıq yeni qaydalara əsasən, digər ərzaq məhsulları üzrə strateji ehtiyatların formalaşdırılması nəzərdə tutulub. Gözlənilir ki, təxminən 12-yə yaxın ərzaq məhsulu üzrə strateji ehtiyatlar formalaşdırılacaq. Strateji ehtiyatların formalaşdırılmasında yalnız dövlət deyil, həm də özəl şirkətlər də iştirak edəcəklər. Bu da daha çox ehtiyatların formalaşdırılmasına imkan yaradacaq. Bu baxımdan təbii ki, strateji ehtiyatların həcminin artması həm də istehlak bazarında kəskin qiymət artımının qarşısını alacaq, çünki nəticə etibarilə həmin ehtiyatlarla istehlak bazarına müdaxilə edib, kəskin qiymət artımının qarşısını almaq mümkün olacaq. Qiymətlər kəskin artan zaman ehtiyatlar bazara çıxarılacaq. Bununla da tələb ehtiyatların hesabına ödəniləcək. Bu da qiymətlərin kəskin artımının qarşısını almış olacaq".
V.Bayramov qeyd etdi ki, sözügedən qanun layihəsi istehlak bazarında qiymətlərin tənzimlənməsi baxımından vacib bir layihədir.
"Nəticə etibarilə bu qanun qəbul edilib icra olunduqdan sonra bazardakı kəskin qiymət artımlarının qarşısının alınmasına imkan yaradacaq", - deyə deputat vurğuladı.
Həmidə İBRAHİMLİ