"Maaş və pensiyalar artsa, inflyasiya təzyiqi yaratmayacaq" - Ekspert

 14:44 18.10.2023     468

Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik pensiya və maaşların artırılması üçün yeni maliyyə bazasının yaradılmasına imkan verəcək.

Qeyd edək ki, Azərbaycanda hər zaman maaş, pensiya artımı baş verdikdə paralel olaraq ərzaq və digər malların qiymətində də yüksək artım qeydə alınır.

Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Elman Sadıqov bildirdi ki, ümumiyyətlə iqtisadi nəzəriyyədə pensiyaların, maaşların artması inflyasiya doğurur.

Onun sözlərinə görə, yalnız o halda ki, dövriyyədə olan pul kütləsi kifayət qədər olsun:

"Yəni dövriyyədə olan pul kütləsinin müəyyən faizi qədər siz dövriyyəyə pul buraxırsınızsa, məsələn, tutaq ki, 10 faizə qədər və ölkədə də nəzərə alsaq ki, təxminən inflyasiya elə o qədərdir və nəticə etibarilə bu, sizdə əlavə olaraq ciddi bir inflyasiya yükü yaratmayacaq. Çünki ümumilikdə götürdükdə ölkəmizdə hal-hazırda pul kütləsinin həcmi o qədər də yüksək deyil. Bu gün əgər ölkə üzrə 15, 20, 25 faiz belə pensiya və maaşlarda artım olarsa, bu, inflyasiya təzyiqi yaratmayacaq. Çünki burada digər amillər də var. Burada önəmli olan məsələlərdən biri əhalinin əmək haqqısının xərclənmə istiqamətləridir. Bu, çox önəmlidir. Məsələn, ərzağa nə qədər xərclənir, istirahətə nə qədər xərclənir və sair. Bütün bu amillər, hal-hazırda mövcud vəziyyət 20-25 faizə qədərdir. Əgər biz maaşları artırmış olsaq, bu, ölkədə ciddi bir inflyasiyaya səbəb olmayacaq. Çünki bəzi məhsullar vardır ki, onun istehlakı sizin alıcılıq qabiliyyətinizdən asılı deyil, istehlak tələbinizdən asılıdır. Bu nə deməkdir? Bu o deməkdir ki, məsələn, əgər ölkədə alınan əmək haqqı və pensiyalar ərzağa yönəlirsə, məsələn, bir insan tutaq ki, ayda üç kilo ət yeməlidirsə, onun artan əmək haqqısı onun ət istehlakına ciddi təsir göstərməyəcək, müəyyən dərəcədə təsir göstərəcək. O vəsaitin hamısı ət istehlakına yönəlməyəcək. Məsələn, bəzi hallarda tutaq ki, Türkiyədə əmək haqqı artdıqda əhali gəlirlərinin müəyyən hissəsini ərzağa xərcləyir, digər hissəsi qalır istehlak məhsullarına və yaxud da digər sahələrə yönələn vəsaitlər müəyyən inflyasiya təzyiqi yarada bilir".

Ekspert onu da əlavə etdi ki, bir çox ərzaq məhsulları indi Azərbaycanda istehsal olunur.

"İstehsal olunan məhsula artan pensiya və müavinətlər, yaxud da əmək haqları yönəlir. Məsələn, tutaq ki, Azərbaycanda bu gün bütün əhalinin pensiyası və əmək haqqısı tam olaraq o qədər yüksək deyil ki, həmin əmək haqqı artdıqda həmin məhsullar, məsələn, əyləncəyə və yaxud da lüks mallara yönəlsin. Yəni daha çox ölkədə istehsal olunan ərzağa istiqamətlənəcək və nəticə etibarilə də artan 20 faiz, 25 faizlik əmək haqqının inflyasiya yaratmaq gücü maksimum iki faiz ola bilər. Bundan çox ola bilməz. Bu isə ciddi bir təzyiq hesab olunmur. İnkişaf etmiş ölkələrdə isə, məsələn, Amerikada, Avropada elə bir mütənasiblik formalaşır ki, orada əmək haqlarının artımı inflyasiyaya daha çox təsir göstərir. Amma bizim kimi ölkələrdə açıq deyim ki, iqtisadi dövriyyə neftin gəlirləri səbəbindən daha yüksəkdir. Ümumdaxili məhsulumuzun artım tempi daha yüksəkdir, nəinki pensiyaların və yaxud da ki, maaşların artım tempi. Ona görə də iqtisadi dövriyyə daha yüksək olduğu üçün pensiya və maaşların artımı o qədər də yüksək təzyiq yaratmır, inflyasiya təzyiqi yaratmır, əksinə iqtisadi dövriyyəyə çatmağa çalışır", - deyə Elman Sadıqov qeyd etdi.

Həmidə İBRAHİMLİ