"Sığorta olunmayan əmanətlərin aqibəti sual altındadır" - deputatlar bağlanan "Muğan Bank"dan DANIŞDILAR
"Muğan Bank"ın fəaliyyətini dayandırması əhali arasında xaos yaradıb. Əmanətçilər haqlı olaraq banklardakı əmanətlərinin aqibətinin necə olacağını düşünürlər.
Bankların bağlanmasına gətirib çıxaran səbəb nədir? Bu tendensiya necə qiymətləndirilir?
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov dedi ki, istənilən bankın bağlanması əmanətçilər üçün böyük problem yaradır:
"Bununla bağlı bizə də müraciətlər daxil olur. Ardıcıl bağlanan banklarda kifayət qədər əmanətçi var, onlar da narahatdırlar. İndi isə kimin 100 minə qədər əmanəti sığorta olunubsa, onlarla bağlı heç bir problem yoxdur. Amma sığort olunmayan əmanətlər də var, onlar isə sual altındadır. Kifayət qədər böyük banklar var ki, onlarda heç bir maliyyə problemi yoxdur. Ancaq kiçik banklar da var ki, burada maliyyə problemi olduğu üçün, dövriyyə vəsaiti olmadığı üçün bazardan çıxırlar. Bu adi bir haldır. Hesab edirəm ki, bağlanan banklarda olan əmanətlər geri qaytarılacaq. Mən ümumiyyətlə bu bankların bağlanması məsələsinin əleyhinə olmuşam. Uzun müddətdir bu müzakirəsi aparılırdı, mən deyirdim ki, bankları bağlamıyaq, gəlin biləşdirək. Banklar birləşəndə aydındır ki, onun öhdəliyini digər bank da üzərinə götürəcək. Ən yaxşı hal bankların birləşdirilməsi olardı".
Mövzu ilə bağlı danışan iqtisadçı deputat Aydın Hüseynov dedi ki, banklar əgər əmanətçiləri qarşısında öz öhdəliklərini yerinə yetirə bilmirsə o bankların bağlanmsı labüddür:
"Həm "Günay Bank", "Muğan Bank" və digər bankların bağlanması bank fəaliyyətinin düzgün şəkildə qurulmaması, rəqabətə dözümlü olmaması ilə bağlıdır. Ən başlıca səbəb isə əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə bağldır. Əmanətçilər sığortalanmış vəsaitlərini ala biləcəklər. Azərbaycanda kifayət qədər banklar var, böyük kapitalı olan banklar mövcuddur. Müştəriləri məmnun edən bilən çoxlu sayda banklarımız var. Ümumillikdə götürəndə həmin banklara dövlət tərəfindən də dəstək olub, bunu pandemiya dövründə də gördük. Müasir bankların seçilməsi müştərilər tərəfindən çox asandır, internet vasitəsilə, elektron daşıyıcılar vasitəsilə banklar haqqında məlumat toplaya bilərlər. Əgər həmin bankların dövriyyəsi azdırsa və əmanət cəlb edə bilmirlərsə, vəsaitləri dövriyyədə effektli şəkildə istifadə edə bilmirlərsə, iqtisadiyyata töhvə də verə bilmirlər. Ona görə bu bankların bağlanması iqtisadiyyatımız üçün mənfi halın baş verməsinə əsas sayıla bilməz".
Humay İSGƏNDƏRLİ