Nazir növbəti büdcə paketinə daxil olan məsələləri açıqladı

 13:51 25.10.2023     294

Hazırda növbəti büdcə paketi müzakirə edilir.

Redaktor.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

“Bu büdcə paketi çərçivəsində müxtəlif sosial proqramlar nəzərdə tutulub. Burada ünvanlı sosial yardım, pensiyalarla bağlı məsələlər nəzərdə tutulub. Amma yekun qərar büdcə təsdiq edildikdən sonra məlum olacaq”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, son beş ildə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq əməkhaqqında 65 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib, 10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib. Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb.