"Bu formada onlayn satış kiçik tacirlər üçün ciddi başağrısına çevrilir"

 17:11 27.11.2023     307

Son dövrlər insanların onlayn alışa olan marağı getdikcə artmaqdadır. Bu isə təbii olaraq, yerli sahibkarlara, mağazalar şəbəkəsinə öz mənfi təsirini göstərir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli  bu halın yerli mağazalara mənfi təsir göstərdiyini qeyd etdi. 

Onun sözlərinə görə, indi bu məsələ camaatın xeyrinə görünür:

"Amma realda biznes, mağaza bundan əziyyət çəkir. Onlayn sifariş verəndə bilirsiz ki, hər ay 300 dollara qədər vergidən azad olunur, heç bir vergi, rüsum verilmir. Bu vergilər isə təqribən 35-36 faizə gəlib çıxır. Bu da hazır məhsul olduğuna görə 15 faiz gömrük rüsumu, 18 faiz əlavə dəyər vergisidir, 2 faiz də gömrük bəyannaməsi xərcləri olur. Ona görə də sahibkar malı xaricdən gətirəndə 35-36 faiz rüsum, vergi ödəyir. Amma onlayn sifarişlər olanda karqoyla gətirəndə bu vergidən 300 dollara qədər avtomatik olaraq azad olunur. Bu nəyə gətirib çıxarır? Mağaza sahibi tutaq ki, mağaza kirayə götürür, bunun kommunal xərcləri var. Üstəgəl malı gətirəndə də 35-36 faiz vergi ödəyir. Nəticə etibarilə o mal satışa çıxarılanda avtomatik olaraq onlayn qiymətlərindən obyektiv səbəblərdən daha baha olmuş olur. Bu da ciddi surətlə satış problemi ilə rastlaşır.

İndi burda mağaza pul qazanacaq deyə biz bu kanalı sıradan çıxara bilmərik. Ən əsas ədalətsiz məsələ vergilərə görə rəqabət aparılmasıdır. Sadəcə onun kommunal xərci var. Mağazanın kirayə xərci var, işçi xərci var. Bu, normal biznes xərcidir. Üstünlükləri də verir. Gedirsən, mağazada malı geyinirsən, baxırsan, əlinlə toxunursan və sair. Amma bu xərc verilən dəyərin əvəzindədir. Amma vergilər heç nəylə kompensasiya olmur. Yəni sahibkar malı gətirəndə vergi ödəyir, fiziki şəxs 300 dollara qədər mal gətirəndə vergi ödəmir. Nəticə etibarilə də bu formada onlayn satış kiçik tacirlər üçün ciddi başağrısına və problemə çevrilir. Bu da onların satış dövriyyələrinin aşağı düşməsinə gətirib çıxarır. Əvvəl bu rəqəmlər böyük idi. Hökümət bir az aşağı, 300 dollara qədər endirdi. Amma indi əgər bu, doğrudan da sahibkarları ciddi narahat edirsə, limitə yenə də baxmaq olar. Daha aşağı etmək olar ki, bu kanal kimi formalaşmasın".

Həmidə İBRAHİMLİ