"Belə bir hal olsa, bu, böyük biabırçılıqdır" - Natiq Cəfərli
Sosial şəbəkələrdə vətəndaşların internet üzərindən ay ərzində sifariş verdiyi malların ümumi həcminin 300 dollardan 150 dollara salınması müzakirə olunur.
Məsələnin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını araşdırdıq.
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, belə bir hal olsa, bu, böyük biabırçılıqdır.
Onun sözlərinə görə, onsuz limit 1000 dollardan 300 dollara qədər endirildi:
"Bu vətəndaşlara ziyan bir qərar idi. İndi bunu daha da azaltmaqla vətəndaşlara daha böyük ziyan vurmaq istəyirlər. Bu, doğru deyil. Bu, onu göstərir ki, Azərbaycanda pərakəndə alış-verişlə məşğul olan şirkətlər, şəxslər, hansısa məmurlara bağlı şirkətlərin marağında deyil ki, ölkədə onlayn ticarət inkişaf etsin, sifarişlər artsın. Bu, onların problemidir. Normal rəqabətli şəkildə işləməyi öyrənsinlər. Əgər onlayn sifarişlər vətəndaşın məmnuniyyətinə xidmət edirsə, vətəndaşa sərf edirsə, dövlət və hökumət orqanlarının qərarları vətəndaşın xeyrinə olmalıdır. Bir ovuc pərakəndə satışla məşğul olan və çox yüksək qiymət artımı ilə məhsullar təqdim edən iş adamlarının və yaxud da onlara bağlı hansısa bir qrupların maraqlarını ifadə etməməlidir".
Ekspertin fikrincə, əgər belə bir fikirlər varsa, daşınsalar yaxşı olar:
"Onsuz da 1000 dollardan 300 dollara endirilməsi insanların çox böyük narazılığına səbəb olmuşdu. İndi bunu daha da endirsələr vətəndaşlarda böyük xəyal qırıqlığı, daha böyük narazılıq yaradacaq və ümumiyyətlə, dünya ilə paralel olmayan addıma çevriləcək. Dünya onlayn ticarətə keçib, artıq sərhədlər formal hala gəlib. “Aliexpress”, “Amazon” olsun, başqa şirkətlər olsun artıq dünya çapında virtual mağazalara çevriliblər. Azərbaycanda da bacarsınlar şirkətlər və yaxud da fiziki şəxslər özləri belə bir onlayn platformalar təşkil etsinlər və bunun nəticəsində rəqabətli mühit yaransın. Vətəndaşın məmnuniyyətinə, xeyrinə xidmət edən hansısa bir qərarın ləğv olunması, azaldılması, məhdudiyyətlərin yaradılması dövlət və hökumət orqanları adına doğru deyil. Yəni onlar birinci vətəndaşı düşünməlidirlər".
Həmidə İBRAHİMLİ