"Burada “Trendyol”u və yaxud onlayn sifarişləri günahlandırmağın yeri yoxdur"

 17:45 08.12.2023     456

Məlum olduğu kimi, "Trendyol"un Azərbaycana birbaşa çatdırılması olandan onlayn sifarişlərin sayı artıb. Bu da onlayn vasitəsilə ölkədən milyonlarla manatın çıxarılması deməkdir.

Maraqlıdır, bu ölkə iqtisadiyyatına və valyuta ehtiyatına necə təsir edir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, insanların ehtiyacı varsa, ölkədə istehsal yoxdursa, normal mağazadan və yaxud onlayn mağazadan alınmasının fərqi yoxdur.

Onun sözlərinə görə, hamısının maya dəyəri və alış qiymətləri valyuta ilədir və xaricdən alınır:

"Əsasən də Türkiyədən alırıq. Ölkədə yerli istehsal yoxdursa, onsuzda bu, baş verəcək. Amma “Trendyol”un üstünlüyü budur ki, insanlar daha çox seçim edə, daha keyfiyyətli məhsul ala bilir. Yəni “Trendyol”un günahı deyil. Azərbaycanda yerli istehsalın olmamasının problemidir. Biz adi geyimi belə istehsal edə bilmirik, xaricdən alırıq və bu da ölkədən valyuta çıxışına səbəb olur. Yəni burada “Trendyol”u və yaxud onlayn sifarişləri günahlandırmağın yeri yoxdur. Bunlar əksinə vətəndaşların xeyrinədir. Vətəndaşlar daha ucuz və daha keyfiyyətli mal almaq imkanlarına malikdirlər. Yerli istehsalı artırmaq lazımdır. Yerli istehsal genişlənsə, adi geyim əşyalarını belə ölkədə istehsal edə bilsək, bu, valyutanın ölkə daxilində qalmasına səbəb ola bilər və ölkədən valyuta axını azala bilər. Əsas məsələ yerli istehsalın artırılmasıdır".

Həmidə İBRAHİMLİ