Dollara olan yüksək tələb nə zaman azalacaq?

 12:04 22.12.2023     227

"Dekabr ayında dollara tələb artmaqda davam edir. Dünən keçirilən hərracda 89.7 milyon dollarlıq sifariş olub. Bütövlükdə, bu ayın geridə qalan günlərində hərraclarda 446.1 milyon dollar satılıb. Bu ötən ay hərraclarda qeydə alınan 234,7 dollarlıq sifariş ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Qeyd edək ki, 2023-cü ilin oktyabr ayı ərzində hərraclarda 202,6 milyon dollar məbləğində vəsait satılıb. 2023-cü ilin 11 ayı ərzində isə hərraclarda 2 milyard 539,5 milyon dollarlıq sifariş qeydə alınıb".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, aylıq müqayisə göstərir ki, dekabr ayında tələb kəskin artıb.

"Dekabrın ilk 21 günündə noyabr və oktyabr ayları üzrə cəmi məbləğdən daha çox dollar satılıb. Belə ki, son 2 ayda cəmi 437.3 milyon dollar satıldığı halda dekabrın geridə qalan günlərində 446.1 milyon dollar alınıb.

Qeyd etdiyimiz kimi, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır.

Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır", - deyə V.Bayramov qeyd edib.

T.İSMAYIL