Çin Rusiyaya görə ABŞ-dan sanksiyaları ləğv etməyi xahiş edəcək

 12:57 22.12.2023     209

Çinin böyük dövlət neft-qaz şirkətləri "China National Petroleum Corp" (CNPC) və "Cnooc" ABŞ-dan Rusiyanın "Arctic LNG 2" layihəsinə qarşı sanksiyaları ləğv etməyi xahiş etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Belə ki, mayeləşdirilmiş təbii qazın (LNG) ən böyük alıcısı olan Çin yanacaq tədarükündə fasilələrin qarşısını almağa çalışır. İndi Çin gəmiləri Rusiya zavodundan LNG daşıyacaqları təqdirdə ABŞ sanksiyalarına məruz qalmaq riski ilə üzləşirlər. "Cnooc" və CNPC də ABŞ-dan maye qaz alır və Amerika müəssisələrindən tədarükləri təhlükə altına almaq istəmir.

Nəşr yazır ki, Pekin adətən bu cür hərəkətlərə əl atmır və tez-tez Rusiyadan Çinə neft daşımaq üçün kölgə donanmasından istifadə kimi məhdudiyyətlərdən yan keçməyin yollarını tapır. Agentlik bu addımı LNG gəmilərinin iri obyektlərdən yanacaq daşımaq üçün nəzərdə tutulması və onların hərəkətini gizlətməyin demək olar ki, qeyri-mümkün olması ilə əlaqələndirir.

Qeyd edək ki, ABŞ noyabr ayında "Arctic LNG 2"yə qarşı sanksiyalar tətbiq edib. Dekabrın sonunda Rusiyanın ən böyük LNG istehsalçısı "Novatek" alıcılara layihədən gələcək yanacaq tədarükü ilə bağlı fors-major xəbərdarlıqlar göndərib. Xüsusilə təchizat problemləri ilə bağlı bildirişlər Çinin "Shenergy Group", "Zheijang Energy" və İspaniyanın "Repsol" enerji şirkətləri tərəfindən alınıb.

NƏRGİZ