Deputat kənd təsərrüfatı ilə bağlı yeni güzəştlərdən DANIŞDI
"Kənd təsərrüfatında dividend gəlirləri artıq 2028-ci ilədək vergidən azad olundu. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri bu il yanvarın 1-dən etibarən 4 il müddətinə vergidən azad edilib. Bu güzəşt kənd təsərrüfatının inkişafı baxımından vacib addımdır".
Redaktor.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov bildirib.
"Bu o deməkdir ki, məsələn, bu sahədə çalışan fiziki şəxs 2024-cü ilin nəticələrinə əsasən yaranan mənfəət üzrə 30 000 manat dividend elan edirsə bu zaman hüquqi şəxsin təsisçisi olan fiziki şəxsə dividendi əldə edərkən ödəmə mənbəyində vergi hesablanmayacaq. Çünki yeni dəyişikliklər ilə bu gəlirlər üzrə azadolma müddəti uzadılıb.
Dəyər zəngirinə uyğun olaraq kənd təsərrüfatında vergi güzəştlərinin dairəsinin genişləndirilməsi vacib məsələlərdəndir. Növbəti illərdə bu sektorda vergi güzəştləri mexanizminin daha da təkmilləşdirilməsi və genişləndirilməsi gözlənilir", - deyə deputat qeyd edib.
T.İSMAYIL