"Azərbaycanda devalvasiya gözlənilmir" - Deputat səbəbini AÇIQLADI
Son günlər ölkədə devalvasiya (bir ölkənin öz valyutasının dəyərini digər ölkə valyutalarına nisbətdə azaltması) məsələsi geniş müzakirə olunur. Məlumatlara görə, əhali əllərində olan və bankda əmanət saxladıqları manatı dollara çevirirlər. Bəzi iqtisadçı ekspertlər də devalvasiyanın qaçılmaz olduğunu bildirirlər.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov söylədi ki, Azərbaycanda devalvasiya gözləntisi real deyil:
"Çünki devalvasiyanı yaradan amillər var. Bizə də məlumdur ki, 2015-ci ildə devalvasiyanın olması üçün ən başlıca amillərdən biri neftin dünya bazarında qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə bağlı idi. İndi də məlumdur ki, Azərbaycan nefti dünya bazarında 85 dollardan satılır. Büdcədə isə bu, 60 dollardan nəzərə alınıb. Yəni neftimiz nəzərə alındığından da daha yüksək qiymətə dünya bazarında satılır. Digər tərəfdən isə kifayət qədər valyuta ehtiyatlarımız var. Belə olduğu halda devalvasiyanın olacağı gözlənilən deyil"
Deputat bildirdi ki, digər vətəndaşların vəsaitlərini dollar şəklində banklara qoyması, onların öz seçimidir.
"Ancaq müqayisə üçün götürdükdə, dollarla əmanətin illik gəlir faizləri aşağıdır. Ancaq manatla qoyulanda isə illik gəlirlər daha yüksəkdir", - deyə A.Hüseynov qeyd etdi.
Humay İSGƏNDƏRLİ