"Bu qərardan sonra benzin ucuzlaşmayacaq" - İqtisadçı

 13:21 01.03.2024     462

İqtisadçı Natiq Cəfərli Nazirlər Kabinetinin benzin markalarına tətbiq edilən aksiz dərəcələrinin dəyişdirilməsi ilə bağlı qərarını şərh edib.

Redaktor.az xəbər verir ki, ekspert feysbukdakı paylaşımında bu qərarın aviakerasin, Aİ95 və Aİ98 markalı benzinlərə aid olmadığını bildirib:

“Qərar ancaq Aİ92 və dizel yanacağına aiddir. Belə ki, qərar Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır. Ölkədə istehlak üçün çatışmayan Aİ92 və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alırdıq. İndi başqa ölkələrdən almalı olacağıq, bu, daxildə qiymətləri artıra bilərdi. İndi güzəşt tətbiq edilir ki, bahalaşma olmasın. Bu qərardan sonra benzin ucuzlaşmayacaq, sadəcə bahalaşmasın deyə belə bir qərar verilib” - deyən N.Cəfərli əlavə edib ki, Azərbaycan özünü benzinlə təmin edə bilmir: “Aİ95, Aİ98 markalı benzinləri ümumiyyətlə istehsal edə bilmirik, Aİ92-nin istehsalı isə yetərli deyil. Hətta iş o yerə çatıb ki, Aİ95-in bir hissəsini Gürcüstandan idxal edirik”.

Xatırladaq ki, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bu gündən ölkəyə idxal olunan benzin gömrük rüsumundan azad edilib.

Bundan başqa, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş ölkə ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edib.

Yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla mühərrik benzinlərinin hət tonu üçün üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib, eləcə də emalın spesifik prosesləri üçün qazoylların və proseslərdə kimyəvi çevrilmələr üçün qazoylların hər tonu üçün aksiz vergisi 80 manat müəyyən edilib, həmçinin bu ilin sonuna qədər digər qazoylların hər tonu üçün aksiz vergisi 80 manatdan 1 manata endirilib.

Redaktor.az