“Azəriqaz”ın yeni rəhbəri məşhur şəhidin OĞLUDUR - DOSYE
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, onun vəzifələrinin icrası İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədova həvalə edib.
Onunla bağlı daha bir maraqlı məlumatı diqqətə çatdırırıq.
2023-cü ilin mart ayındın "Azəriqaz"a direktor müavini postuna gətirilən Azər Məmmədov Qarakənd səmasında vurulan vertolyotda şəhid olmuş dövlət xadimi Vəli Məmmədovun oğludur.
Mərhum Vəli Məmmədov uzun illər müxtəlif dövlət vəzifələrində çalışıb.
O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində ermənilər tərəfindən vurulan Mi-8 helikopterində şəhid olmuş 22 nəfərdən biridir.
İctimai-siyasi xadim, ədəbiyyatşünüs, publisist, SSRİ-nin xalq deputatı olmuş Vəli Məmmədov Bakının indiki Səbail rayonunda 1-ci katib vəzifəsində işləyib. Onun sonuncu vəzifəsu Azərbaycan KP MK-da Nəzarət Komitəsinin sədr müavini olub.
Azər Məmmədov Azərbaycanda və İspaniyada (MBA) təhsil alıb.
O, daha əvvəl “İnpatBank” (Azərbaycan) İdarə Heyətinin sədri (1993-1996), “AZEXİM” Korporasiyasının kommersiya və maliyyə direktoru (1996-2000), “Milio Commodity Services” MMC-nin Bakıdakı Nümayəndəliyinin rəhbəri (2000-2003), “Azərboru” SC-də maliyyə direktoru (2003-2013), “SOCAR Georgia Gas”şirkətinin direktoru (2014-2023) vəzifələrində çalışıb.
A. Məmmədov 2023-cü ilin mart ayına qədər “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb. Həmin vaxt vəzifəsindən azad edilərək "Azəriqaz"a direktor müavini gətirilib.
Qeyd edək ki, Ruslan Əliyev 2019-cu ildən "Azəriqaz"a rəhbərlik edirdi. O, 1978-ci il sentyabrın 13-də Yevlax rayonunda anadan olub. Daha əvvəl "Azəriqaz"da müxtəlif vəzifələrdə çalışıb /modern.az/.