Bayramlarda qiymətlər niyə "ceyran belinə" çıxır?
Azərbaycanda demək olar ki, hər bayram öncəsi bazarlarda, merketlərdə qiymətlər "ceyran belinə" çıxır. Hazırda qarşıdan Novruz bayramı gəlir deyə, yenə də Azərbaycanın hər yerində, xüsusilə paytaxtda bazarlar od tutub yanır. Lakin dünyanın bir çox ölkələrində isə bayram öncəsi qiymətlər aşağı salınır ki, hər kəs istədiyini alıb dada bilsin.
İqtisadçı ekspert Elman Sadıqov Redaktor.az-a açıqlamasında Novruz bayramı öncəsi bahalaşmanın səbəblərindən danışdı.
Onun sözlərinə görə, məsələnin kökü və mahiyyəti budur ki, bazar tələb və təkliflə formalaşır və bazarda adətən bayramlar zamanı tələb artdığı üçün qiymətlərin artımı baş verir. Lakin həmsöhbətimiz vurğuladı ki, amma burada önəmli olan məsələlərdən biri olan rəqabət məsələsi var:
"Əgər hansı məhsullarda bahalaşma baş verirsə, bu daha çox ölkədə istehsal olunmayan və kənardan gətirilən məhsullara aiddir. Məsələn, müxtəlif çərəzlərdir, xurmadır və sair. Ona görə də biz bunlara konkret olaraq baxdıqda ki, bunlar hansı ölkələrdən gətirilir, həmin ölkələrdə kursda bir fərq varmı, yəni ki, həmin ölkənin yerli valyutası dollara nisbətən ucuzlaşıb, yoxsa bahalaşır, əgər hər bir şey stabildirsə və idxal olunan məhsulların məhz bayram öncəsi qiyməti artırsa, bu artıq rəqabətcil, nisbətən belə deyək, həmin bazarda daha iri oyunçuların həmin bazara qibtə etmə imkanlarının yüksək olması deməkdir. Yəni əgər bazarda hansısa məhsulların gətirilməsi ilə daha çox oyunçu məşğul olarsa, onlar həmin məhsullarını satmaq üçün rəqabət apararaq, məhz bayramdan istifadə edərək daha çox dövriyyə əldə etmək istəyərlər. Niyə? Çünki məsələn, 10 satıcı var və onlar istəyirlər ki, bayramda daha çox qazanmaq üçün öz məhsullarının qiymətini nisbətən aşağı eləsinlər. Bu nə deməkdir? Yəni daha çox dövriyyədən qazansın. Zatən bayram gəlir. Onlar əvvəl tutaq ki, ay ərzində məsələn, hansısa məhsuldan 10 ton satırdısa, hazırda bayramda endirimlər edərək 15-20 ton satmaqla yenə həmin vəsaiti qazanacaq. Amma burada nə baş verəcək? O bazarı daha çox əlində saxlaya biləcək, daha çox müştəri kütləsinə xitab edə biləcək və nəticə etibarilə hətta bir az da qazancı yüksək olacaq.
Amma bazarda bir oyunçu, iki oyunçu varsa, - xüsusilə idxal olunan məhsullardan söhbət gedir, - bu halda onların onsuz da təklif var və həmin məhsul alınacaq. Nəticə etibarilə təəssüf ki, bayramlardan istifadə olunaraq həmin məhsulların qiymətləri artır. Yenə deyirəm, hansı ölkələrdən həmin məhsullar gətirilirsə, həmin ölkələrdə də məhsulların qiymətlərinə də bir baxmaq lazımdır. Amma adətən biz bilirik ki, məsələn, çərəzlərin saxlanma müddəti çoxdur. Digər bir çox məhsulların saxlanma müddəti çoxdur. Elə öncədən də ölkəyə müəyyən dərəcədə gətirib onları anbarlarda saxlayıb, sonra satışa çıxarmaq olar. Yəni burada ən önəmli məsələlərdən birisi mən düşünürəm ki, rəqabət amilidir, bazarda çoxlu oyunçunun olması amilidir. Burada çox önəmli məsələ bundan ibarətdir ki, xaricdə sahibkarların müxtəlif kampaniyalarda, bayramlarda bazarı əldə saxlamaq, rəqabət aparmaq, öz imicini formalaşdırmaq, daha da bazarda simpatiya qazanmaq və sair məsələləri daha güclüdür. Bizdə isə bu məsələlərin üzərində çalışmaq lazımdır. Daha güclü marketinq, risklərin idarə olunması, biznes analitika, imic, reputasiya riski məsələsi var. Dövriyyənin əhəmiyyəti məsələsi var. Bir az da o satış məsələlərindəki bir neçə etik məsələlər var. Düşünürəm ki, bunlar da vəziyyətə müəyyən dərəcədə təsir göstərən amillərdir".
Həmidə İBRAHİMLİ